15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş məktəblilərarası Ənənəvi Oxçuluq təlim və yarışlarına start verilib. Layihənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli irsin təbliği və sağlam həyat tərzinin təşviqidir.
SİA xəbər verir ki, layihə Hədəf Şirkətlər Qrupu, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və “World Ethnosport” tərəfindən birgə təşkil olunur.
10–15 yaş arası məktəblilər üçün nəzərdə tutulan təlimlər ödənişsiz həyata keçirilir. Hazırda təlimlər Hədəf liseylərinin Badamdar, Koroğlu və Abşeron filiallarında peşəkar təlimçilər tərəfindən həftədə iki dəfə olmaqla aparılır.
Layihəyə Bakı şəhərinin müxtəlif məktəblərindən və Hədəf liseylərindən 150-dən artıq şagird qoşulub. İştirakçılar 40 günlük hazırlıq mərhələsində ənənəvi oxçuluğun nəzəri və praktiki əsaslarını öyrənəcəklər.
İştirakçılar arasında final yarışlarının iyun ayında keçirilməsi nəzərdə tutulur. Yarışın yekununda fərqlənən şagirdlər mükafatlandırılacaqlar.