“WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə şərait yaradır” - ŞƏRH OLUNDU

18 May 2026 14:25 (UTC+04:00)

“World Urban Forum 13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır. Bu forum şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və gələcək şəhər modellərinin müzakirə olunduğu ən böyük qlobal platformalardan biridir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, uzun illər Azərbaycan əsasən enerji resursları və geosiyasi mövqeyi ilə tanınsa da, bu gün Bakı qlobal tədbirlərin keçirildiyi, beynəlxalq dialoqların formalaşdığı və yeni inkişaf yanaşmalarının müzakirə olunduğu mərkəz kimi çıxış edir:

”Müasir dövrdə dövlətlərin nüfuzu artıq təkcə iqtisadi və hərbi güclə deyil, həm də beynəlxalq platformalar yaratmaq və onlara ev sahibliyi etmək qabiliyyəti ilə ölçülür.

Forum Azərbaycanın şəhərsalma və infrastruktur sahəsindəki siyasətini beynəlxalq miqyasda təqdim etmək üçün geniş imkanlar yaradır. Son illərdə Bakıda aparılan transformasiya prosesləri, nəqliyyat infrastrukturunun yenilənməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ölkəmizin əsas təqdimat istiqamətlərindən olacaq. Bu isə Azərbaycana həm siyasi, həm də iqtisadi baxımdan əlavə üstünlüklər qazandırır. Çünki forum çərçivəsində ölkəmiz təkcə ev sahibi kimi deyil, eyni zamanda şəhər idarəçiliyi və urban inkişaf sahəsində təcrübə təqdim edən aktor kimi çıxış edir.

Ən mühüm məqamlardan biri də Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə bağlıdır. Azərbaycan bu platforma vasitəsilə həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı əldə edir. Bu proses dağıdılmış ərazilərin qısa müddətdə müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan inkişaf zonalarına çevrildiyini nümayiş etdirir.

WUF13 həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə şərait yaradır. Dünyanın müxtəlif ölkələrindən gələn hökumət nümayəndələri, şəhər rəhbərləri, investorlar və ekspertlər Bakıda bir araya gələrək yeni əməkdaşlıq imkanları formalaşdırır. Bu isə ölkəmizin yumşaq güc potensialını daha da gücləndirir”.