"Yağış suları və çirkab suların qarışması yeni ekoloji risklər yaradır" - EKOLOQ DANIŞDI

18 May 2026 14:01 (UTC+04:00)

"Kanalizasiya və yağış sularının axıdılması sisteminin yüklənməsi, xüsusilə leysan yağışlar zamanı qeydə alınan daşqınlar, çirkab suların ətraf mühitə qarışmasına və ekosistemin ciddi şəkildə çirklənməsinə səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, bu, iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin yaranmasına gətirib çıxarır: "İqlim dəyişikliyinin səth sularının çirklənməsinə təsirləri temperaturun artması, yağıntıların dəyişməsi, dəniz səviyyəsinin yüksəlməsi və sularda duzluluğun artması ilə nəticələnir. Temperaturun artması qlobal istiləşməyə səbəb olur və bu zaman suyun temperaturu yüksəlir, bu isə suda oksigenin miqdarını azaldır və nəticədə su hövzələrində yaşayan canlıların ölümünə səbəb olur. Dəniz səviyyəsinin yüksəlməsi isə sahil ərazilərində yaşayan insanlara və təsərrüfat sahələrinə çirklənmənin daha geniş yayılmasına şərait yaradır. Dəniz səviyyəsinin yüksəlməsi və səth sularının axınının azalması şirin su mənbələrinin duzla çirklənməsinə də yol açır.

Su iki növ çirklənməyə məruz qalır: üzvi və kimyəvi çirklənmə. Suda mövcud olan bakteriya və viruslar kimi mikroorqanizmlər üzvi çirklənməni yaradır, pestisidlər, insan və heyvan dərmanları, məişət məhsulları, ağır metallar, turşular və sənayedə istifadə olunan karbohidrogenlər, eləcə də nitrat və fosfatlar isə kimyəvi çirklənmənin əsas mənbələridir.

Səth sularının çirklənməsinin qarşısını almaq üçün ilk növbədə müasir tullantı sularının təmizlənməsi texnologiyalarının tətbiqi, sənaye emissiyalarının azaldılması, əhali arasında ekoloji maarifləndirmənin gücləndirilməsi və bərpa olunan enerji mənbələrinə keçid kimi kompleks tədbirlər həyata keçirilməlidir.

Səth sularının çirklənməsi həm antropogen, həm də iqlim dəyişikliyi səbəbindən baş verir. Antropogen çirklənmə mənbələrinə su obyektlərinə daxil olan sənaye və məişət çirkab suları, həmçinin kənd təsərrüfatı tullantıları daxildir ki, bunlar güclü yağışlar və daşqınlar zamanı daha da geniş yayılır. İqlim dəyişikliyi isə qlobal istiləşmə nəticəsində buzlaqların əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə və hidroloji rejimlərin dəyişməsinə səbəb olur ki, bu da səth sularının çirklənmə problemlərini daha da kəskinləşdirir.

Su obyektləri temperatur yüksəlməsinə, dəyişən hidroloji rejimlərə və çirklənməyə qarşı həssasdır. Temperaturun artması, yağıntıların dəyişməsi və dəniz səviyyəsinin yüksəlməsi çaylar, göllər və okeanlardakı suyun kimyəvi tərkibini dəyişdirir, bu isə su hövzələrində yaşayan canlılara və insan sağlamlığına mənfi təsir göstərir. Azərbaycan iqlim dəyişmələrinə yüksək dərəcədə həssas olan ölkələrdən biridir.

Su hövzələri təbii çirklənmədən əlavə, antropogen çirklənməyə və zibillənməyə də məruz qalır. Səth suları və sahilyanı ərazilər məişət və plastik tullantılarla zibillənərək ekoloji vəziyyəti daha da ağırlaşdırır.

Su tutarlarına axıdılan çirklənmə mənbələri qiymətləndirilməli, suyun keyfiyyətinə təsiri müəyyən edilməlidir.

Hazırda dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur. Dünya əhalisinin təxminən yarısı ilin ən azı bir hissəsində ciddi su qıtlığı ilə üzləşir. Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Abdulla əl-Mandusun məlumatına görə, təxminən 3,6 milyard insan ilin ən azı bir ayı kifayət qədər suya çıxış əldə edə bilmir və bu rəqəmin 2050-ci ilə qədər beş milyarda çatacağı gözlənilir.

Su ehtiyatları ilə bağlı problemləri tam həll etmək mümkün olmasa da, bu problemlərin canlı orqanizmlərə təsirini azaltmaq üçün su istehlakının və sənaye tullantılarının azaldılmasına yönəlmiş tədbirlər hazırlanmalıdır. Bu tədbirlər həm qlobal, həm milli, həm də fərdi səviyyədə həyata keçirilə bilər.

Ərazilərdə kanalizasiya sisteminin olmaması yağıntılar nəticəsində artan məişət tullantı sularının sistemə həddindən artıq yüklənməsinə və nəticədə bu suların ətraf ərazilərə axıdılmasına səbəb olur ki, bu da ekoloji vəziyyəti daha da pisləşdirir. Nəzərə alsaq ki, bəzi ərazilərdə kanalizasiya sistemi və yağış sularının axıdılması üçün infrastruktur mövcud deyil, mövcud köhnə sistemlər isə nizamsız tikinti işləri zamanı sıradan çıxarılıb.

Kanalizasiya və yağış sularının axıdılması sistemi daşdıqda təmizlənməmiş çirkab sular birbaşa su hövzələrinə, çaylara, göllərə və dənizə axır. Bu suların tərkibindəki azot və fosfor kimi qida maddələri suda yosunların həddindən artıq çoxalmasına səbəb olur və nəticədə evtrofikasiya prosesi baş verir. Bunun nəticəsində suyun oksigen səviyyəsi kəskin azalır, balıq kütlələrinin tələf olması və “ölü zonaların” yaranması kimi ekoloji problemlər ortaya çıxır ki, bu da yüklənmənin yaratdığı əsas ekoloji risklərdən biridir.

Məişət tullantı suları müxtəlif virus və bakteriyalarla zəngindir. Sistemin yüklənməsi nəticəsində ərazilərə və su mənbələrinə yayılan çirkab sular yoluxucu xəstəliklərin, xüsusilə bağırsaq infeksiyalarının yayılma riskini artırır. Yağış suları yollardan, avtomobil dayanacaqlarından və sənaye zonalarından keçərkən bu əraziləri yuyur və özü ilə ağır metallar, yağlar, tullantı qalıqları və mikroplastikləri birbaşa təbii su obyektlərinə daşıyır.

Köhnə kanalizasiya xətlərindən torpağa sızan çirkab sular torpağın strukturunu pozur, onun münbitliyini azaldır və yeraltı su ehtiyatlarını çirkləndirir. Küçələrə və yaşıllıq ərazilərinə dolan çirkab sular torpağın kimyəvi balansını pozaraq ağacların və digər bitkilərin qurumasına səbəb olur, həmçinin torpağın şoranlaşmasını artırır. Bütün bunlar ciddi ekoloji risklər yaradır. Bu sahədə ekoloji tarazlığın qorunması üçün beynəlxalq təcrübədə çirkab su və yağış suyu xətlərinin bir-birindən ayrılması, həmçinin yağış sularının təkrar istifadəsi üçün anbar sistemlərinin tətbiqi kimi qabaqcıl üsullar geniş istifadə olunur. Eyni zamanda suyun idarə olunması və monitorinq sistemlərinin gücləndirilməsi qlobal səviyyədə vacib tədbirlərdən hesab edilir.

XX əsrin ortalarından etibarən insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş təsir göstərmiş və qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olmuşlar. Su səthinin temperaturunun dəyişməsi iqlim şəraitinin daha da qeyri-sabitləşməsinə və ekoloji tarazlığın pozulmasına şərait yaradır.

Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Sel və daşqınların həm sayı, həm də intensivliyi artmışdır. Azərbaycanın su ehtiyatlarının əsas xüsusiyyəti onların məhdud olması və ərazidə qeyri-bərabər paylanmasıdır.

Su canlılar və ətraf mühit üçün əsas həyat resursudur. Su çirkliliyi çaylar, göllər, okeanlar və yeraltı sular kimi su ehtiyatlarının insan fəaliyyəti nəticəsində radioaktiv maddələr, plastik və kimyəvi tullantılarla çirklənməsi deməkdir.

Müasir dövrdə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizəsi ümumbəşəri problemə çevrilmişdir. Su ehtiyatları tükənən resurs olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. Su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri, Sendai Fəlakət Risklərinin Azaldılması Çərçivə Proqramı və Paris Sazişi kimi beynəlxalq sənədlərdə də öz əksini tapmışdır".