UN-Habitat-ın icraçı direktoru Bakıda WUF13-ü açıq elan edib - BMT

18 May 2026 13:29 (UTC+04:00)

“İqtisadi inkişaf, sosial inklüzivlik və iqlimə davamlılıq bu gün bütün regionlarda əsas prioritetlərdən birinə çevrilib. Afrikadan Asiya-Sakit okean regionuna, Latın Amerikası və Karib hövzəsindən Avropa və Şimali Amerikaya qədər ölkələr mənzil siyasətini gücləndirirlər”.

SİA xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbach WUF13-ün rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, mənzil böhranı təkcə sosial məsələ deyil, həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları problemidir: “Şəhərlərin gələcəyi inklüzivlik və ədalət prinsipləri üzərində qurulmalıdır”.

Anacláudia Rossbach vurğulayıb ki, mənzil sistemində baş verən problemlər insanların yalnız fiziki məkanını deyil, həm də təhlükəsizlik, dolanışıq və aidiyyət hissini itirməsinə səbəb olur.

Onun sözlərinə görə, mənzil və iqlim siyasəti artıq bir-birindən ayrı düşünülə bilməz: “Dayanıqlılıq evdən başlayır, bərpa mənzildən başlayır”.

UN-Habitat rəhbəri qeyd edib ki, mənzil həm sosial ehtiyac, həm də güclü iqtisadi inkişaf mühərrikidir və bu sahədə spekulyasiya deyil, insan yönümlü maliyyələşmə modelləri vacibdir.

O əlavə edib ki, qlobal urban çağırışlar təcili xarakter daşıyır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün konkret siyasətlər və investisiyalar zəruridir.

Anacláudia Rossbach bildirib ki, Bakıdan veriləcək mesajlar qlobal mənzil böhranının həllində yeni mərhələnin başlanğıcı ola bilər.

Sonda o, Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə görə Azərbaycan hökumətinə təşəkkür edib və forumu rəsmi olaraq açıq elan edib.