“Biz gələcəyin nə gətirəcəyini tam bilməyə bilərik, amma insanların bu gün üzləşdiyi reallıqları çox yaxşı bilirik. İqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar artıq dünyanın əsas problemlərinə çevrilib”.
SİA xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbach WUF13-ün rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda dünyada bir milyarddan çox insan ağır və qeyri-sabit yaşayış şəraitində yaşayır: “Onların təmiz suya, sanitariya xidmətlərinə, elektrik enerjisinə, layiqli iş və təhsil imkanlarına çıxışı yoxdur”.
Rossbax vurğulayıb ki, bu vəziyyət xüsusilə uşaqlar üçün daha ciddi nəticələr doğurur və şəhərlərdə sosial bərabərsizlik dərinləşir.
Onun sözlərinə görə, yaxın gələcəkdə şəhərlərdə mənzil çatışmazlığı, sosial fərqlərin artması və miqrasiya təzyiqləri daha da kəskinləşə bilər.
İcraçı direktor Bakıda keçirilən tədbirə də toxunaraq bildirib ki, son günlər müşahidə edilən çətin hava şəraitinə baxmayaraq, iştirakçılar yüksək təşkilatçılıq və həmrəylik nümayiş etdiriblər: “Şəhərlərdən gözlədiyimiz də məhz budur — dayanıqlılıq və ortaq məqsəd ətrafında birləşmək”.