“Şəhərsalma insan mərkəzli olmalı və qlobal əməkdaşlıq gücləndirilməlidir” - BMT rəsmisi

18 May 2026 13:15 (UTC+04:00)

“Hazırda dünyada hər dörd nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. 2040-cı ilə qədər şəhərlərdə yaşayan 2 milyarddan çox insan iqlim dəyişikliyinin təsirlərinə məruz qalacaq”.

SİA xəbər verir ki, bu sözləri BMT-nin Yaşayış Yeri Assambleyasının prezidenti Nga Kor Ming WUF13-ün rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu göstəricilər sadəcə statistik rəqəm deyil, milyonlarla insan üçün real həyat təhlükəsidir: “Yetərsiz yaşayış şəraitində yaşayan insanlar üçün bu, həyatda qalma məsələsidir”.

Nga Kor Ming bildirib ki, müxtəlif ölkələrdən nazirlər urbanizasiya problemlərinin müzakirəsi üçün bir araya gəlib və məqsəd Yeni Şəhər Gündəliyinin icrasını gücləndirməkdir.

Onun sözlərinə görə, BMT platformasında “Hər kəs üçün layiqli mənzil” mövzusunda Hökumətlərarası İşçi Qrup yaradılıb və bu, qlobal əməkdaşlıq üçün mühüm fürsətdir.

O əlavə edib ki, Malayziya təcrübəsi göstərir ki, düzgün idarəetmə ilə Dayanıqlı İnkişaf Məqsədləri real nəticələrə çevrilə bilər: “Ölkəmizdə 1,1 milyondan çox əlçatan mənzil inşa edilib və 115 milyondan çox ağac əkilib”.

Nga Kor Ming vurğulayıb ki, şəhər planlaşdırılmasında insan amili əsas götürülməlidir: “Şəhərlərə baxarkən yalnız infrastruktur deyil, insanların həyatı nəzərə alınmalıdır”.

O qeyd edib ki, iqlimə davamlı infrastruktur üçün mövcud olan maliyyə boşluğunun aradan qaldırılması üçün qlobal əməkdaşlıq vacibdir.

Sonda isə bildirib ki, gələcək yalnız onu planlayanlara deyil, onu quranlara məxsusdur və WUF13 bu baxımdan mühüm platformadır.