“Qonaqlar Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə maraq göstərir” - SAMİR ABDULLAYEV

18 May 2026 11:38 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev-in sərəncamına əsasən, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmuşdur. Bu çərçivədə Azərbaycanda bir sıra mühüm beynəlxalq tədbirlər təşkil edilir və hazırda iştirak etdiyimiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası da həmin tədbirlərdən biridir”.
SİA xəbər verir ki, bu sözləri Qarabağ və Zəngəzur regionu üzrə turizm mədəniyyəti sahəsində fəaliyyət göstərən Samir Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, konfrans çərçivəsində mədəni irs, şəhərsalma, memarlıq və digər müxtəlif sahələr üzrə beynəlxalq ekspertlər tərəfindən geniş müzakirələr aparılır:

”Xaricdən gələn qonaqlar üçün xüsusi maraq doğuran məsələlərdən biri isə Qarabağın işğaldan azad olunmasından sonra bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir.

Bildiyiniz kimi, 2020-ci ildə Qarabağ işğaldan azad edildikdən sonra qısa müddət ərzində regionda böyük yenidənqurma prosesinə başlanılmışdır. Burada “ağıllı kənd” konsepsiyası tətbiq edilmiş, müasir infrastruktur layihələri həyata keçirilmiş, dağıdılmış tarixi və dini abidələr bərpa olunmuşdur.

Uzun illər ərzində dağıdılmış məscidlər və digər mədəni irs nümunələri yenidən qurularaq əvvəlki görkəminə qaytarılmışdır. Bu proses həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.

Məsələn, son olaraq Qarabağa səfər edən Türkiyədən olan millət vəkilləri bölgədə aparılan quruculuq işlərini yerində izləyərək dərin təəssürat keçirmiş, keçmiş dağıntılarla bugünkü inkişaf arasındakı fərqi xüsusi vurğulamışlar.

Hazırda Qarabağda həyata keçirilən bərpa işləri, “ağıllı kənd” layihələri, yeni turizm və xidmət infrastrukturu xarici qonaqların diqqətini cəlb edir və regionun gələcək inkişaf potensialı baxımından mühüm əhəmiyyət daşıyır”.