Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə son dövrlər energetik içkilərin istehlakının, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artdığı və bunun uşaqların sağlamlığı üçün ciddi risk yaratdığı vurğulanır.
Agentlikdən SİA-ya verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı və həmin məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.
ADRA bildirir ki, reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tələbləri ilə kifayətlənməmək, eyni zamanda, ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir.
Bütün bunları nəzərə alaraq, agentlik tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunub:
- energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi;
- reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması;
- energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtəələrin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ətrafında (qanunvericiliklə müəyyən edilmiş məsafə nəzərə alınmaqla) yerləşdirilməsinə yol verilməməsi;
- reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması;
- istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı olanlara satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdaredici məlumatların verilməsinə dəstək göstərilməsi.
“Artıq həmin mövzuda maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. ADRA tərəfindən yayımlanan sosial reklam çarxlarında da energetik içkilərdən istifadə olunması ilə bağlı reklamda yetkinlik yaşına çatmayanlara müraciət edilməsinin qadağan olduğu vurğulanır və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə müvafiq çağırışlar edilir, - deyə məlumatda bildirilir.