Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı türk dünyasında yeni geosiyasi mərhələnin formalaşdığını göstərən mühüm hadisə kimi qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə keçirilən bu görüş təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda türk dövlətləri arasında strateji inteqrasiyanın daha da dərinləşdiyini nümayiş etdirir.
Qazaxıstanın Türküstan şəhərində baş tutan zirvə görüşünün əsas mövzularından biri süni intellekt və rəqəmsal inkişaf məsələləri olub. Bu isə onu göstərir ki, türk dövlətləri artıq əməkdaşlığı yalnız tarixi-mədəni yaxınlıq üzərində deyil, həm də texnoloji transformasiya və yeni iqtisadi çağırışlar kontekstində qurmağa çalışırlar. Müasir dünyada rəqəmsal təhlükəsizlik, innovasiya iqtisadiyyatı və texnoloji müstəqillik əsas güc faktorlarından birinə çevrilib. Türk Dövlətləri Təşkilatının bu istiqamətdə ortaq yanaşma ortaya qoyması təşkilatın gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu prosesdə aparıcı aktorlardan biri kimi çıxış etməsi Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin nəticəsidir. Azərbaycan həm siyasi sabitliyi, həm enerji resursları, həm də geostrateji mövqeyi ilə türk dünyasının birləşdirici həlqəsinə çevrilib. Xüsusilə Orta Dəhliz layihəsi fonunda Bakı ilə Astana arasında münasibətlərin intensivləşməsi türk coğrafiyasında yeni iqtisadi xəritənin formalaşmasına səbəb olur. Prezident İlham Əliyevin Qazaxıstana səfərlərinin intensiv xarakter alması da bu strateji yaxınlaşmanın göstəricisidir.
Türk Dövlətləri Təşkilatının son illərdə artan nüfuzu həm də beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzinin formalaşdığını göstərir. Əgər əvvəlki dövrlərdə təşkilat daha çox mədəni-humanitar platforma kimi qəbul edilirdisə, bu gün artıq siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi məsələlərində ortaq qərarlar verən regional güc platformasına çevrilməkdədir. Bu baxımdan Türküstan zirvəsi təşkilatın institusional güclənməsinə xidmət edən mühüm mərhələ hesab oluna bilər.
Prezident İlham Əliyevin zirvə çərçivəsində verdiyi mesajlar Azərbaycanın türk dünyasında birliyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan siyasət yürüdüyünü bir daha nümayiş etdirdi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat-logistika layihələri, xüsusilə Zəngəzur dəhlizi və Transxəzər marşrutu türk dövlətlərini iqtisadi baxımdan daha sıx birləşdirən strateji platformaya çevrilir. Bu layihələr yalnız regional deyil, həm də Avrasiya məkanında yeni ticarət və enerji marşrutlarının formalaşmasına təsir göstərir.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində siyasi həmrəyliyin güclənməsi bəzi xarici qüvvələrin regionda yaratmağa çalışdığı geosiyasi təzyiqlərə qarşı ortaq mövqenin formalaşması baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidentinin son çıxışlarında milli maraqların qorunması, müstəqil siyasətin davam etdirilməsi və xarici müdaxilələrə qarşı prinsipial mövqe xüsusi vurğulanır. Bu yanaşma türk dövlətləri arasında qarşılıqlı etimadı daha da artırır və təşkilatın gələcəkdə beynəlxalq arenada daha təsirli gücə çevrilməsi üçün zəmin yaradır.
Bütövlükdə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri və Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının siyasi inteqrasiyası baxımından mühüm hadisə kimi tarixə düşür. Bu görüş bir daha göstərdi ki, türk dövlətləri artıq yalnız ortaq tarix və mədəniyyət ətrafında deyil, həm də ortaq strateji maraqlar və gələcək inkişaf hədəfləri ətrafında birləşirlər. Azərbaycan isə bu prosesdə təşəbbüskar və istiqamətverici dövlətlərdən biri kimi öz mövqeyini daha da möhkəmləndirir.
Millət vəkili Jalə Əliyeva