Kirayə bazarında yeni dalğa: qiymətlər qalxacaq, yoxsa enəcək? - EKSPERT AÇIQLADI

15 May 2026 14:15 (UTC+04:00)

Gələn ayın sonlarından etibarən universitetlərdə yay imtahan sessiyası başa çatır və tələbələr iki aylıq tətilə çıxırlar. Bu dövrdə bölgələrdən Bakıya gələn tələbələrin bir qismi evlərinə qayıtdığı üçün kirayə mənzillərdə müəyyən boşalmalar müşahidə olunur. Bu isə hər il olduğu kimi kirayə bazarında qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar yaradır. Bəs yay aylarında kirayə mənzil bazarında həqiqətən ucuzlaşma olacaqmı, yoxsa əksinə qiymətlər artacaq? Bu il ümumilikdə kirayə mənzil bazarında qiymətlərin artması, yoxsa enməsi gözlənilirmi? Kirayə qiymətlərinin formalaşmasına ən çox hansı amillər təsir göstərir?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi, əmlak bazarı özü-özünü tənzimləyən bir bazardır:

"Belə ki, alıcı və kirayə götürənlərin sayı az olduqda qiymətlər enir, tələb çox olduqda isə qiymətlər qalxır. Yəni bu bazar tələb və təklif prinsipi üzərində qurulub. Buna görə də tələb çox olduqca qiymətlər artır, tələb az olduqca isə qiymətlər enir. Amma hazırda Bakıda istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların pilot layihələr çərçivəsində sökülməsi, həmin binalarda yaşayan insanların kirayə mənzillərlə təmin olunması istiqamətində işlər aparılır. Buna görə tam olaraq demək olmaz ki, qiymətlər enəcək.

Çünki tələbələr şəhərdən getsə belə, digər tərəfdən söküntü nəticəsində evsiz qalan insanlar kirayə bazarına daxil olurlar. Ona görə də tələbələrin yay aylarında rayonlara getməsi kirayə bazarına ciddi təsir göstərmir. Müəyyən qədər təsir ola bilər, amma bu çox cüzi olacaq. Bu təsir əsasən tələbələr üçün nəzərdə tutulmuş və onlara verilən mənzillərdə hiss edilə bilər. Bu baxımdan düşünmürəm ki, yay aylarında tələbələrin rayonlara getməsi bazarda ciddi qiymət enməsinə səbəb olsun. Əksinə, rayonlardan Bakıya işləmək, gəzmək və istirahət etmək üçün gələnlərin sayı artır. Digər tərəfdən, qeyd etdiyim kimi, pilot layihələr çərçivəsində sökülən evlərin sakinləri kirayə mənzillərlə təmin olunur.

Həmin ərazilərdə tikilən yeni binalar istifadəyə verilənə qədər bu insanlar kirayədə yaşayırlar. Əgər nəzərə alsaq ki, yeni binaların tikintisi təxminən 2–2,5 il davam edir, bu o deməkdir ki, həmin ailələr uzun müddət kirayə bazarında qalırlar. Başqa sözlə, söküntü nəticəsində kirayəyə çıxan ailələr ən azı 2 il həmin mənzildə yaşayır və bu müddətdə həmin ev kirayə bazarına geri qayıtmır.

Məsələn, xaricdən gələn və ya qısa müddətli kirayə götürən insanlar 6 ay və ya 1 ildən sonra mənzili boşalda bilirlər. Amma söküntü nəticəsində kirayəyə çıxan ailələr uzun müddət həmin mənzildə qalmağa məcbur olur. Bu da bazarda təklifin azalmasına səbəb olur. Ona görə düşünmürəm ki, tələbələrin şəhərdən getməsi qiymətlərdə ciddi enmə yaratsın. Hazırda kirayə bazarında tələb təklifi üstələyir. Tələbələr getsə belə, bazarda kirayəyə olan ehtiyac yüksək olaraq qalır.

Yeni dərs ilinin başlaması ilə isə tələbələr yenidən kirayə bazarına qayıdırlar. Adətən avqustun ikinci yarısından etibarən kirayə qiymətlərində artım müşahidə olunur. Bu il də eyni vəziyyətin yaşanacağı ehtimal edilir. Amma qiymətlərin nə qədər artacağını konkret demək çətindir. Çünki əvvəlki illərlə müqayisədə kirayə bazarına çıxarılan mənzillərin sayı azalır. Yenidənqurma, tikinti və abadlıq işləri davam etdikcə bazarda təklif azalır, tələb isə artır. Bu səbəbdən hər il kirayə mənzillərə olan ehtiyac daha da yüksəlir.

Buna bir də yeni qəbul olunan tələbələri əlavə etsək, vəziyyət daha da aydın görünür. Tətilə gedən tələbələrin geri qayıtması və ali məktəblərə yeni qəbul olanların bazara daxil olması kirayə bazarına təsirsiz ötüşmür. Nəticədə tələb yenə də təklifi üstələyir. Bu baxımdan qiymət artımının davam edəcəyi ehtimal olunur. Amma artımın hansı səviyyədə olacağını dəqiq demək mümkün deyil. Çünki bazar özünü özü tənzimləyir. Əvvəllər kirayə mənzil axtaran insanların seçim imkanları daha geniş idi. İnsanlar 5–10 evə baxıb ən uyğun variantı seçə bilirdilər. Amma hazırkı vəziyyətdə bu mümkün deyil. Çünki bazara çıxarılan kirayə mənzillərin sayı az, tələbat isə çoxdur. İnsanlar yaxşı anlayırlar ki, bu gün təqdim olunan mənzili vaxtında götürməsələr, başqa biri həmin evi kirayəyə götürəcək. Buna görə də bazara çıxan evlər çox qısa müddətdə tutulur. Kirayə axtaranların artıq geniş seçim imkanı yoxdur və zövqlərinə az da olsa uyğun gələn evi götürməyə məcbur qalırlar. Bəzi işbazlar da bundan istifadə edərək qiymətləri süni şəkildə artırırlar. Təəssüf ki, insanlar məcbur olduqları üçün yüksək qiymətə baxmayaraq həmin evləri kirayəyə götürürlər. Çünki hazırda münasib kirayə mənzil tapmaq müəyyən qədər problemə çevrilib.

Hazırkı vəziyyətdə kirayə axtaranların sayı kirayə verənlərdən daha çoxdur. Buna görə də qiymət artımı 2019-cu ildən etibarən davam edir. Bu prosesin nə qədər davam edəcəyini və qiymətlərin hansı faizlə artacağını isə konkret demək çətindir. Çünki bazar özü-özünü tənzimləyən bir mexanizm əsasında fəaliyyət göstərir".