"Cənab Prezidentin həyata keçirdiyi kadr siyasəti düşünülmüş və strateji yanaşmaya əsaslanır".
Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu siyasətdə həm uzun illər ərzində özünü doğrultmuş, təcrübəsi və peşəkarlığı ilə seçilən şəxslərin potensialından istifadə olunur, həm də yeni nəslin nümayəndələrinə geniş imkanlar yaradılır: "Təyin olunan yeni kadrlar əsasən gənc, müasir düşüncəli, müxtəlif idarəetmə pillələrində təcrübə toplamış və özlərini praktik fəaliyyətdə təsdiqləmiş şəxslərdir. Eyni zamanda, onların tərcümeyi-halları ictimaiyyətə təqdim olunur ki, cəmiyyət həmin şəxslərin peşəkar hazırlığı, təcrübəsi və təyin olunduqları vəzifəyə uyğunluğu barədə obyektiv fikir formalaşdıra bilsin.
Sevindirici haldır ki, bu təyinatlarda əsas meyar peşəkarlıq, müvafiq ali təhsil, idarəçilik bacarığı və çalışacaqları sahə üzrə real təcrübənin olmasıdır. Bu yanaşma həm nəsillər arasında təcrübə ötürülməsinə, həm dövlətçilik ənənələrinin qorunub saxlanılmasına, həm də ölkədə həyata keçirilən siyasi kursun uğurla davam etdirilməsinə xidmət edir.
Təyinatlar göstərir ki, dövlət idarəçiliyində etimad prinsipi ilə yanaşı, məsuliyyət amili də ön plandadır. Hər bir təyin olunan şəxs yaxşı anlayır ki, onun fəaliyyəti cəmiyyətin, dövlətin və şəxsən cənab Prezidentin diqqət mərkəzindədir. Buna görə də onların əsas vəzifəsi göstərilən yüksək etimadı doğrultmaq, xalqa və dövlətə layiqincə xidmət etməkdir".