ADSEA: Binəqədinin bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olunub

15 May 2026 12:45 (UTC+04:00)

Bakının Binəqədi rayonunun bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olunub.

SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.

Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1 420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.

Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.

Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.