"WUF13 ölkəmizin dayanıqlı şəhərsalma modelini önə çıxarır" - DEPUTAT DANIŞDI

15 May 2026 11:21 (UTC+04:00)

"Möhtərəm cənab Prezident İlham Əliyevin sosial media hesablarında Ümumdünya Şəhərsalma Forumunun - WUF13 çərçivəsində görülən işlərlə bağlı paylaşdığı videoçarx Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq qabiliyyətinin və gələcəyə hesablanmış şəhərsalma siyasətinin bariz göstəricisidir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, forumun Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ilə dünyaya yeni inkişaf modeli təqdim edir: " Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji yanaşması, müasir infrastruktur quruculuğu və ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar beynəlxalq səviyyədə maraqla izlənilir. WUF13 kimi nüfuzlu platformanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyində aktiv iştirakçıya çevrildiyini göstərir.

Dövlət başçımız Cənab İlham Əliyevin bu prosesə xüsusi diqqət göstərməsi bir daha sübut edir ki, Azərbaycanda şəhərsalma siyasəti insan amilini önə çəkən, təhlükəsiz, dayanıqlı, müasir və milli kimliyi qoruyan yaşayış mühitinin formalaşdırılmasıdır.

WUF13 Azərbaycanın beynəlxalq aləmdə artan etimadının göstəricisidir. Bu forum vasitəsilə ölkəmiz qlobal urbanizasiya çağırışlarının müzakirəsində söz sahibi olduğunu ortaya qoyur. Azərbaycan bu gün regionun inkişaf və yenilənmə mərkəzlərindən birinə çevrilib. WUF13 bunun növbəti təsdiqidir".