Kiçik məbləğli kreditləri bağlamaq üçün daha iri kredit təklifləri sərfəlidir? - AÇIQLANDI

15 May 2026 10:31 (UTC+04:00)

“Əgər bir nəfərin bir neçə bank və ya kredit təşkilatında xırda-xırda kreditləri varsa, sonradan daha aşağı faizlə başqa bir bankdan böyük məbləğdə kredit götürərək həmin borcları bağlaması bəzi hallarda sərfəli ola bilər. Xüsusilə də yeni götürülən kreditin faiz dərəcəsi əvvəlki kreditlərin faizindən aşağıdırsa, bu zaman vətəndaş ümumi olaraq daha az faiz ödəmiş olur”.

Bu sözləri SİA-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, məsələn, şəxsin üç ayrı yerdə 3000 manatlıq kreditləri var və onların faiz dərəcələri 22-25 faiz arasındadırsa, gedib bir bankdan 9000-10000 manat krediti 18-20 faizlə götürüb əvvəlki borclarını bağlaması maliyyə baxımından daha sərfəli görünə bilər. Bu halda həm aylıq ödənişlər bir yerdə cəmlənir, həm də insan bir neçə fərqli tarix və ödənişlə məşğul olmur:

”Amma burada diqqət edilməli vacib məqamlar da var. Təkcə faiz dərəcəsinə baxmaq kifayət etmir. Yeni kreditin müddəti, aylıq ödəniş məbləği, əlavə komissiyalar, sığorta xərcləri və vaxtından əvvəl bağlanmaya görə tətbiq olunan cərimələr də hesablanmalıdır. Bəzən faiz aşağı olsa belə, kredit müddəti uzandığı üçün ümumi ödənilən məbləğ arta bilər.

Yəni əsas məsələ odur ki, yeni kredit əvvəlki borclarla müqayisədə vətəndaşın ümumi yükünü azaldırmı, yoxsa artırırmı. Əgər həm faiz aşağıdırsa, həm də ümumi ödəniş daha sərfəlidirsə, bu üsul bir çox hallarda məntiqli seçim hesab olunur”.

Ayşən Vəli