PR artıq yalnız press-relizlərin hazırlanması, jurnalistlərlə əlaqələrin qurulması və media qurumlarına informasiyanın ötürülməsi kimi ənənəvi funksiyalarla məhdudlaşmır. Rəqəmsal mühitin sürətli inkişafı PR fəaliyyətini köklü şəkildə dəyişdirərək onu daha strateji, ölçülə bilən və data-əsaslı idarəetmə sisteminə çevirib. Bu gün uğurlu PR yalnız “nə deyirik” sualına deyil, həm də “bu mesaj necə qəbul olunur”, “harada yayılır” və “brend haqqında ictimai rəy necə formalaşır” suallarına cavab verə bilməlidir.
Məhz bu kontekstdə media monitoring alətləri PR ekosisteminin mərkəzi komponentlərindən birinə çevrilib. Bu alətlər brend, təşkilat və ya fərd haqqında müxtəlif media kanallarında yayılan bütün məlumat axınını sistemli şəkildə izləməyə, toplanan məlumatları strukturlaşdırmağa və onların üzərində dərin analitik təhlillər aparmağa imkan verir. Ənənəvi PR yanaşmasında məlumatlar çox vaxt gecikmiş formada əldə edilirdisə, media monitoring sistemləri real vaxt rejimində işləyərək PR mütəxəssislərinə operativ qərarvermə imkanı yaradır.
Bu texnologiyalar yalnız məlumat toplamaq funksiyasını yerinə yetirmir, həm də həmin məlumatın kontekstini müəyyənləşdirir. Yəni bir xəbər və ya sosial media paylaşımı sadəcə qeyd edilmir, onun tonallığı (müsbət, mənfi və ya neytral), yayılma sürəti, auditoriyaya təsir gücü və digər parametrlər analiz olunur. Bu isə PR mütəxəssislərinə yalnız “nə baş verib” sualını deyil, eyni zamanda “niyə baş verib” və “bundan sonra nə etmək lazımdır” suallarına da cavab almağa imkan verir.
Eyni zamanda, media monitoring alətləri brendin media mühitində necə “yaşadığını” göstərən bir güzgü funksiyası daşıyır. Onlar vasitəsilə təşkilatlar öz reputasiyalarını davamlı olaraq izləyə, potensial riskləri erkən mərhələdə aşkarlaya və böhran situasiyalarını idarə edə bilirlər. Sosial media, xəbər portalları, bloqlar və digər rəqəmsal platformalarda yayılan məlumatların vahid sistemdə toplanması PR strategiyasının daha dəqiq və ölçülə bilən şəkildə qurulmasına şərait yaradır.
Nəticə etibarilə, media monitoring alətləri müasir PR-in strateji idarəetmə mexanizmidir. Onlar PR fəaliyyətini intuitiv yanaşmadan çıxararaq data, analiz və real vaxt məlumatlarına əsaslanan peşəkar idarəetmə modelinə çevirir. İntuitiv yanaşma “Belə hiss edirəm ki, bu düzgün olar”, “təxminən belə etmək lazımdır”. Sistemli yanaşma faktlara, statistikaya, strategiyaya, analizə və ölçülə bilən nəticələrə əsaslanmaq.
Media Monitoring nədir?
Media monitoring – brend, təşkilat və ya şəxslə bağlı bütün media mənbələrində (xəbər saytları, sosial şəbəkələr, bloglar, forumlar və s.) yayılan məlumatların sistemli şəkildə izlənməsi və analiz edilməsidir. Bu sistem PR mütəxəssisinə brend haqqında nə deyilir?,harada deyilir?, ton necədir (müsbət, mənfi, neytral)? , bu məlumat reputasiyaya necə təsir edir? kimi suallara cavab tapmağa kömək edir.
PR üçün media monitoring niyə vacibdir?
Media monitoring PR strategiyasının “erkən xəbərdarlıq sistemi” kimidir. Bu sistem olmadan PR fəaliyyəti reaktiv olur, yəni hadisələr baş verdikdən sonra müdaxilə edilir. Effektiv media monitorinq reputasiya risklərini erkən aşkar edir , krizis PR vəziyyətlərini önləyir, kampaniyaların effektivliyini ölçür, jurnalist və media davranışlarını analiz edir və rəqiblərlə müqayisə imkanı yaradır.
Media monitoring alətləri necə işləyir?
Müasir alətlər açar söz əsaslı işləyir. PR mütəxəssisi sistemə müəyyən sözlər daxil edir və sistem həmin sözlərin keçdiyi bütün mənbələri avtomatik toplayır. Əsas funksiyalara açar söz izləmə, boolean axtarış məntiqi, real-time xəbərdarlıq sistemi, sentiment analizi- emosional tonun müəyyən edilməsi, media reportlarının avtomatik hazırlanması daxildir.
Ən çox istifadə olunan beynəlxalq alətlər
Beynəlxalq PR sənayesində geniş istifadə olunan platformalar arasında Meltwater, Cision, Brandwatch, Talkwalker və Mention xüsusi yer tutur. Bu platformalar media analitikası, sosial dinləmə, reputasiya idarəçiliyi və böhran kommunikasiyası sahəsində qlobal PR komandaları tərəfindən aktiv istifadə edilir. Azərbaycanda isə Media Consulting bu istiqamətdə fəaliyyət göstərən əsas şirkətlərdən biri kimi media monitorinqi, media analitikası və kommunikasiya hesabatlarının hazırlanması xidmətlərini təqdim edir.
Media monitorinq alətləri PR komandalarına real vaxtda media izləmə, sentiment analizi və detallı hesabatlar hazırlamaq imkanı verir.
Media monitorinq və krizis PR
Krizis vəziyyətlərində media monitoring sistemləri xüsusilə kritik rol oynayır. Sosial mediada mənfi xəbər yayılması, xəbər saytlarında yanlış məlumat dərc olunması, brend haqqında reputasiya zədələyici şərhlərin artması dərhal nəzarət altına alınır.
Bu zaman sistem dərhal xəbərdarlıq göndərir və PR komandası operativ reaksiya verir. Bu, reputasiya itkisinin qarşısını almaqda həlledici faktordur.
Data interpretasiyası — toplanmış məlumatların sadəcə statistik göstərici kimi təqdim olunması deyil, həmin məlumatların arxasında duran mənanın düzgün təhlil edilərək strateji qərarlara çevrilməsi prosesidir. PR fəaliyyətində data interpretasiyası media monitorinq nəticələrinin, auditoriya reaksiyalarının, engagement səviyyəsinin və sentiment analizinin dəyərləndirilməsi yolu ilə kommunikasiya strategiyasının effektivliyini müəyyən etməyə imkan yaradır. Düzgün interpretasiya PR mütəxəssisinə hansı mesajların auditoriyada müsbət rezonans doğurduğunu, hansı kommunikasiya risklərinin mövcud olduğunu və gələcək addımların hansı istiqamətdə planlaşdırılmalı olduğunu aydın şəkildə göstərir.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova