Kimlərə "narsist" deyirik? - PSİXOLOQ AÇIQLADI

14 May 2026 16:26 (UTC+04:00)

""Narsist" sözünə həm insanlar arasında, həm də sosial şəbəkələrdə tez-tez rast gəlirik. Bu məfhum demək olar ki, son dövrün ən çox müzakirə olunan məfhumlarından biridir. Yəni bu, insan xarakterinə bağlı olan bir pozuntudur, şəxsiyyət pozuntusudur və psixiatriyada geniş analiz olunur, geniş müzakirə edilir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, hər insana narsist demək olmaz:

"Narsist insanlar ümumiyyətlə, dediyim kimi, şəxsiyyət pozuntusu olan insanlardır. Bəzən özləri də etdiklərinin fərqində olmurlar. Belə insanlar əslində daxilən özgüvənsiz olurlar, amma kənara çox özgüvənli, özündən razı kimi göstərə bilirlər özlərini. Qarşı tərəfi daim incitməyə, əzməyə, təhqir etməyə, mənfi tərəflərini göstərməyə meyilli olurlar və heç bir zaman özlərində günah görmürlər. Özləri ilə təkbətək qaldıqda əlbəttə ki, özlərində günahın olduğunu anlayırlar, amma hər zaman deyil. Çünki bildirdiyim kimi, bu psixi pozuntudur, bir xəstəlik kimidir və əgər bu xəstəlikdirsə, narsistlər bəzən bunun fərqində olmurlar.

Qarşı tərəfdə həmişə səhv axtarır, özünü qurban kimi göstərə bilir, bəzən isə əksinə özünü çox hegemon və güclü göstərir, yenə də günahı qarşı tərəfdə görür. Qarşı tərəf əgər daha da güclənərsə, ondan uzaqlaşmağa çalışarsa, onda daha çox saldırmağa, vurmağa, döyməyə, təhqir etməyə meyilli olurlar. Narsist insanları müşahidələrimizdə daha çox kişilərdə görürük. Bəzən tərbiyə ilə də uşağımızı narsist edə bilirik. Narsist uşaqlar da az deyil, çünki yeniyetmələr arasında da buna rast gəlinir və biz belə insanları özümüz yetişdirə bilirik. Bu genetik də ola bilər, yaxud sonradan yaranmış psixi pozuntu kimi də özünü göstərə bilər".