Adi ev siçanları hantavirus daşıyır, yoxsa təhlükə yalnız kənardan gələ bilər? - İNFEKSİONİST AÇIQLADI

14 May 2026 16:15 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının hantavirusla bağlı yaydığı son xəbərdarlıqlar dünyada yeni bir epidemiya qorxusu yaratsa da, mütəxəssislər hazırkı mərhələdə pandemiya riskinin aşağı olduğunu bildirirlər. Bu virus əsasən gəmiricilər vasitəsilə yayılan və insan orqanizmində ağir fəsadlara, hətta ölümə səbəb ola bilən ciddi bir təhlükədir. Xüsusilə virusun mutasiya imkanları və beynəlxalq miqrasiya prosesləri məsələyə daha həssas yanaşmağı tələb edir. Bəs, ölkəmiz üçün real təhlüekə varmı və biz bu gizli düşməndən necə qoruna bilərik? Adi ev siçanları bu virusu daşıyırmı, yoxsa təhlükə yalnız kənardan gələ bilər? Xəstəliyin ilkin əlamətləri hansılardır və nə vaxt həkimə müraciət etmək vacibdir?

Msələ ilə bağlı infeksionist Aytən Ziyadova SİA-ya açıqlamasında bildirib ki, hantavirus, son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının diqqətini cəlb edən, getdikcə daha çox müzakirə olunan bir təhlükə halını alıb:

"Bu virus, əsasən gəmiricilər vasitəsilə yayılan və insan orqanizmində ciddi fəsadlara, hətta ölümlə nəticələnə bilən bir xəstəlikdir. Xüsusilə virusun mutasiya etmə qabiliyyəti və beynəlxalq miqrasiya proseslərinin sürətlənməsi məsələyə daha diqqətli yanaşmağı tələb edir. Hantavirusun yoluxma yollarına baxsaq, əsasən bu virus ev siçanları kimi gəmiricilər vasitəsilə yayılır. Xəstəliyin ilkin əlamətləri baş ağrısı, yüksək hərarət, əzələ ağrıları və yüngül nəfəs darlığı ola bilər. Bu əlamətlər hər hansı bir soyuqdəymə ilə qarışa bilər, amma əgər bu əlamətlər tez bir zamanda güclənirsə və ya siz siçanların olduğu mühitdə olmusunuzsa, dərhal həkimə müraciət etmək lazımdır.

Bəs, hantavirusun insandan insana keçmə ehtimalı nə qədərdir? Hantavirusun insandan insana keçməsi çox nadirdir. Əksər yoluxmalar gəmiricilərlə birbaşa təmas nəticəsində baş verir. Lakin təhlükəsizlik üçün hələ də siçanlarla təmasdan qaçınmaq, onların nəcisləri ilə təmasda olmamaq önəmlidir. Hazırda ölkəmizdə hantavirusun yayılması ilə bağlı ciddi təhlükə müşahidə olunmur. Lakin, global miqrasiya və iqlim dəyişikliyi kimi faktorlar, bu virusun yayılma ehtimalını artırır. Bu səbəbdən hər birimiz özümüzü və yaxınlarımızı qorumaq üçün ehtiyatlı olmalıyıq. Ən əsası, əgər evimizdə gəmiricilər varsa, mütəmadi olaraq təmizliyi təmin etməli, siçanlardan qorunma yollarını tətbiq etməliyik. Həmçinin, əgər hantavirusla əlaqəli əlamətlər hiss etsək, vaxtında tibbi yardım almalı və vəziyyəti ciddiyə almalıyıq".