“Ermənistanda seçki ərəfəsi yaxınlaşdıqca daxili siyasi proseslər daha da gərginləşir və siyasi qüvvələr arasında rəqabət açıq şəkildə hiss olunur. Xüsusilə keçmiş prezident Robert Koçaryan və iş adamı Samvel Karapetyan kimi fiqurların Baş nazir Nikol Paşinyana qarşı çıxışları, sərt ittihamları və apardıqları təbliğat kampaniyası seçki mühitinin daha da qızışmasına səbəb olur”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, müxalifət xüsusilə Paşinyanın təhlükəsizlik siyasətini, Qarabağ məsələsindəki mövqeyini və xarici siyasətdə atdığı addımları əsas tənqid mövzusuna çevirib:
”Bununla yanaşı, Paşinyanın son dövrlərdə verdiyi mesajlar və həyata keçirdiyi siyasi xətt seçki öncəsi diqqət çəkən əsas amillərdən biridir. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səsləndirdiyi fikirlər, regionda uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya ilə bağlı çağırışları onun özünü daha çox gələcəyə hesablanmış siyasətçi kimi təqdim etməsinə imkan yaradır. Paşinyan son çıxışlarında regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin formalaşdırılması kimi mövzulara xüsusi diqqət ayırır.
Eyni zamanda Qarabağ erməniləri ilə bağlı ritorikada da əvvəlki dövrlərlə müqayisədə fərqli yanaşma hiss olunur. Paşinyan daha çox Ermənistanın daxili sabitliyi, iqtisadi inkişafı və beynəlxalq münasibətlərdə balans siyasəti üzərində dayanmağa çalışır. Bu isə klassik revanşist yanaşmanı müdafiə edən qüvvələrlə onun arasında ciddi siyasi fərq yaradır. Müxalifət daha sərt və emosional ritorikadan istifadə etsə də, Paşinyan özünü praqmatik və reallığı qəbul edən lider kimi təqdim etməyə çalışır.
Digər mühüm məqam isə Rusiya ilə münasibətlər fonunda baş verən dəyişikliklərdir. Son illərdə İrəvan-Moskva münasibətlərində müəyyən soyuqluq müşahidə olunsa da, Paşinyan həm Qərblə münasibətləri genişləndirməyə, həm də Rusiyanı tam qarşısına almamağa çalışır. Bu balans siyasəti seçki kampaniyasında da əsas mövzulardan birinə çevrilib. Müxalifət onu Rusiyadan uzaqlaşmaqda ittiham etsə də, Paşinyan ölkənin təhlükəsizlik və iqtisadi maraqları çərçivəsində daha çevik siyasət apardığını vurğulayır.
Mövcud siyasi mənzərə göstərir ki, müxalifətin səsləndirdiyi ittihamlar və sərt kampaniya müəyyən təsir yaratsa da, Paşinyanın cəmiyyətə təqdim etdiyi gündəm daha fərqli xarakter daşıyır. Onun mesajları daha çox gələcəyə yönəlmiş inkişaf, sabitlik və regional əməkdaşlıq üzərində qurulub. Bu baxımdan, rəqiblərinin birləşmək cəhdlərinə baxmayaraq, Paşinyanın siyasi üstünlüyünü qoruduğu görünür.
Hesab etmək olar ki, hazırkı mərhələdə Paşinyanın və onun rəhbərlik etdiyi siyasi komandanın seçkidə qalib gəlmək ehtimalı daha yüksəkdir. Çünki Ermənistan cəmiyyətinin müəyyən hissəsi yeni qarşıdurma və müharibə ritorikasından daha çox sabitlik və iqtisadi inkişaf vədlərinə üstünlük verir. Buna görə də seçkilərdə ciddi fərq olmasa belə, Paşinyanın yenidən üstünlük qazanacağı ehtimalı kifayət qədər yüksək görünür”.