“Dövlət nəzarəti dayanıqlı və təhlükəsiz şəhərlərin qurulmasında əsas rol oynayır” - CƏMİL XUDİYEV

14 May 2026 15:40 (UTC+04:00)

“Bu gün keçirilən tədbirdə şəhərsalma fəaliyyəti çərçivəsində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarətinin rolu əsas müzakirə mövzularından biri oldu. Müasir şəhərlərin təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirildi”.

SİA xəbər verir ki, bu sözləri Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.

Cəmil Xudiyev bildirib ki, sürətli urbanizasiya prosesi, çoxmərtəbəli yaşayış binalarının, iri ticarət və logistika mərkəzlərinin, eləcə də enerji infrastrukturunun genişlənməsi fövqəladə halların başvermə risklərini artıran əsas amillərdəndir.

Onun sözlərinə görə, müasir şəhərsalma yanaşması yalnız estetik və funksional binaların inşasını deyil, həm də onların təhlükəsiz və dayanıqlı istismarını nəzərdə tutur.

Rəis müavini vurğulayıb ki, dövlət nəzarətinin gücləndirilməsi dayanıqlı şəhərlərin formalaşdırılması, ekoloji balansın qorunması və fövqəladə hallara davamlı infrastrukturun yaradılması baxımından mühüm preventiv vasitədir.

Cəmil Xudiyev qeyd edib ki, tədbirdə şəhərsalma fəaliyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təklifləri dinlənilib, qarşılıqlı əməkdaşlıq və koordinasiyanın daha da təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul olunub.