“Dövlət nəzarəti mexanizmləri şəhərsalma prosesinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Şəhərsalma sahəsində yanğın təhlükəsizliyi üzrə dövlət nəzarəti layihələrin təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsini və icrasına nəzarəti əhatə edir”.
SİA xəbər verir ki, bu barədə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Cəmil Xudiyev bildirib ki, şəhərsalma layihələrinin təsdiqi və obyektlərin istismara qəbulu mərhələsində yanğın təhlükəsizliyi standartlarına əməl olunması xüsusi diqqət mərkəzində saxlanılır.
Onun sözlərinə görə, layihələndirmə mərhələsində təhlükəsiz evakuasiya yollarının düzgün planlaşdırılması, insanların təxliyəsi üçün əlverişli şəraitin yaradılması, yanğınsöndürmə texnikasının obyektə maneəsiz çıxışının təmin olunması və risklərin minimuma endirilməsi əsas tələblərdir.
Rəis müavini qeyd edib ki, müasir şəhərlərdə yanğın təhlükəsizliyi yalnız fövqəladə hallara reaksiya ilə məhdudlaşmır: “Əsas məqsəd yanğınların qarşısının alınması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və əhalinin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsidir”.
Cəmil Xudiyev vurğulayıb ki, dünya təcrübəsi təhlükəsizlik tələblərinə əməl olunmamasının ağır nəticələrə səbəb olduğunu göstərir. Bu baxımdan yanğın təhlükəsizliyi kompleks və strateji yanaşma tələb edən sahədir.
O əlavə edib ki, urbanizasiya və texnoloji inkişaf fonunda innovativ həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. “Ağıllı şəhər” konsepsiyası çərçivəsində rəqəmsal monitorinq, erkən xəbərdarlıq sistemləri və ağıllı sensorlar təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır.
Cəmil Xudiyev bildirib ki, Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan müasir şəhərsalma modellərində bu texnologiyalardan geniş istifadə olunur.