“Ailə münasibətlərində sağlam mühitin formalaşması düzgün tərbiyə modelindən asılıdır” - SƏDAQƏT QƏHRƏMANOVA

14 May 2026 13:08 (UTC+04:00)

Ailə institutu cəmiyyətin əsas sosial dayaqlarından biri hesab olunur və onun qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu öndərin təşəbbüsü ilə yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə həyata keçirilən institusional siyasətin mühüm nümunəsidir.
SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçrilən açıq dərsdə bildirib.
Onun sözlərinə görə , bu qurumun fəaliyyətə başlaması ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində dövlət səviyyəsində sistemli yanaşmanın formalaşdığını göstərir. Dünyanın bir çox ölkələrində bu səviyyədə xüsusi dövlət qurumunun mövcud olmaması isə Azərbaycanın ailə siyasətinə verdiyi önəmi nümayiş etdirir.

Müasir dövrdə ailə institutuna təsir göstərən əsas problemlərdən biri boşanma hallarının artması və bu prosesin sağlam sosial münasibətlər çərçivəsindən çıxmasıdır. Bir çox hallarda boşanma yalnız iki insanın ayrılığı deyil, həm də iki ailə və iki nəslin qarşıdurmasına çevrilir. Halbuki hüquqi və mənəvi baxımdan ayrılıq mədəni formada həyata keçirilməli, tərəflər qarşılıqlı hörmət prinsiplərini qorumalıdırlar. Xüsusilə uşaqların psixoloji inkişafı baxımından boşanmadan sonrakı münasibətlərin sağlam şəkildə davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, bəzi hallarda boşanmadan sonra tərəflərdən birinin digərinin şəxsi həyatına müdaxilə etməsi, nəzarət və aqressiv davranış nümayiş etdirməsi ciddi sosial və psixoloji problemlərə səbəb olur. Bu yanaşma insan hüquqları və fərdi azadlıqlar baxımından qəbuledilməzdir. İnsan qarşı tərəfi öz mülkiyyəti və ya hökm etdiyi şəxs kimi deyil, müstəqil fərd kimi qəbul etməlidir. Cəmiyyətdə mövcud olan bu cür yanlış stereotiplər ailədaxili münasibətlərin pozulmasına və sosial problemlərin dərinləşməsinə şərait yaradır.

Ailə münasibətlərində sağlam mühitin formalaşması ilk növbədə düzgün tərbiyə modelindən asılıdır. Uşaqların tərbiyəsində aqressiya və sərt davranış deyil, anlayış, sevgi və düzgün nümunə əsas rol oynamalıdır. Valideynlərin davranış modeli uşaqların gələcək şəxsiyyətinin formalaşmasına birbaşa təsir göstərir. Bu baxımdan ailədaxili münasibətlərdə qarşılıqlı hörmət, empatiya və məsuliyyət hissinin gücləndirilməsi cəmiyyətin sağlam inkişafı üçün vacib amillərdən biri hesab olunur.