"Hazırkı mərhələdə İran ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin açıq hərbi qarşıdurmadan daha çox diplomatik və siyasi mübarizə formatında davam etdiyi müşahidə olunur. Rəsmi şəkildə genişmiqyaslı birbaşa danışıqlar görüntüsü olmasa da, müxtəlif beynəlxalq mənbələr və siyasi müşahidələr göstərir ki, tərəflər dolayı və qeyri-rəsmi kanallar vasitəsilə müəyyən təmasları davam etdirirlər".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Əsas müzakirə mövzularından biri İranın nüvə proqramıdır. Xüsusilə uranın zənginləşdirilməsi məsələsi uzun müddətdir Qərb dövlətləri və ABŞ üçün əsas narahatlıq mövzusu olaraq qalır. ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. İran isə öz proqramının dinc məqsədlər daşıdığını bildirir. Buna baxmayaraq, son dövrlərdə Tehran tərəfindən daha yumşaq mesajların verilməsi və müəyyən kompromis siqnallarının səsləndirilməsi diqqət çəkir.
Digər mühüm məsələ Hörmüz boğazı ətrafında yaranan gərginlikdir. Bu bölgə dünya enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır və burada hər hansı eskalasiya həm regional, həm də qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər. Bu səbəbdən tərəflərin vəziyyətin tam nəzarətdən çıxmamasında maraqlı olduqları görünür.
Eyni zamanda, İran daxilində sosial-iqtisadi vəziyyətin mürəkkəb olması, sanksiyaların təsiri, inflyasiya, ərzaq qıtlığı və digər iqtisadi problemlər də rəsmi Tehranın üzərində əlavə təzyiq yaradır. Bu amillər İranın müəyyən diplomatik həll variantlarına daha açıq yanaşmasına səbəb ola bilər.
Müşahidə olunan mənzərə onu göstərir ki, hazırda tərəflər tammiqyaslı qarşıdurmadan daha çox qarşılıqlı təzyiq və paralel diplomatik təmas mərhələsindədirlər. Açıq şəkildə görünməsə də, arxa planda intensiv danışıqların aparılması ehtimalı siyasi ekspertlər tərəfindən tez-tez vurğulanır. Əgər müəyyən razılaşmalar əldə olunarsa, gələcək mərhələdə bunun rəsmi görüşlər və mümkün yeni sazişlərlə nəticələnməsi ehtimalı da istisna olunmur".