"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, qəsdən adam öldürmə əgər 12 (on iki) ildən artıq azadlıqdan məhrum etmə və ya daha ağır cəza nəzərdə tutulmuşsa, xüsusilə ağır cinayət hesab olunur".
Bu sözləri SİA-ya açıqlamasında vəkil Fuad Məmmədov deyib.

Onun sözlərinə görə, bu, Cinayət Məcəlləsinin 15.5-ci maddəsində birbaşa göstərilmişdir: "Qəsdən adam öldürmənin xüsusilə ağır halları isə Cinayət Məcəlləsinin 120.2-ci maddəsində sadalanır: məsələn, bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla, tamah məqsədi ilə, sifarişlə, iki və ya daha çox şəxsi öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik motivi ilə və s. törədildikdə bu əməllər xüsusilə ağır cinayət kimi qiymətləndirilir və 15 (on beş) ildən ömürlük azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cəzanın konkret həddi isə cinayətin törədilmə şəraiti, motivi, üsulu və digər ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alınmaqla müəyyən edilir.
Cinayət Məcəlləsinə əsasən, qəsdən adam öldürmə cinayətinə görə yetkinlik yaşına çatmayan şəxslər üçün xüsusi cəza və məsuliyyət qaydaları tətbiq edilir. Belə ki, cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur və onlara cəza təyin edilərkən cəzanın növləri və müddəti məhdudlaşdırılır; azadlıqdan məhrum etmə cəzası 10 (on) ildən çox ola bilməz və cəza xüsusi tərbiyə müəssisələrində çəkilir.
Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən 18 (on səkkiz) yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 (altmış beş) yaşına çatmış kişilərə təyin edilmir.
Məhkəmələr cinayətin bütün hallarını, təqsirkarın və zərərçəkmişin xüsusiyyətlərini nəzərə alaraq cəza təyin edirlər".