Süni şəkildə yaradılan ekosistemlər nə qədər dayanıqlıdır? - EKOLOQ AÇIQLADI

14 May 2026 09:44 (UTC+04:00)

"Ekosistem bu bir termindir. Ekosistem bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistem kimi izah olunur. Adətən ekosistem dedikdə mühitin canlı və cansız elementlərinin birliyi nəzərdə tutulur. Bunların qarşılıqlı təsiri nəticəsində maddələrin biogen dövriyyəsi baş verir. Ekosistem terminini həmçinin süni ekosistemlərə də şamil etmək olar (park, bağ, tarla və s.). Ekosistem davamlı, uzun, yaxud qısaömürlü ola bilər. Mürəkkəblik dərəcəsindən asılı olmayaraq hər bir ekosistem müəyyən növ tərkibi, ona daxil olan növlərin sayı, biokütləsi, qida əlaqəsi, produsentliyin və redusentliyin dərəcəsi ilə xarakterizə olunur".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, produsent – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir: "Redusent isə ölü bitki və heyvan qalıqları ilə qidalanaraq, onları çürüdən və minerallaşdıran, üzvi maddələri yenidən torpağa qaytaran mikroorqanizmlərdir. Onlar təbiətdə maddələr dövranının tamamlanmasında (ekosistemdə) kritik rol oynayır və qida zəncirinin son həlqəsi hesab olunurlar.

Təbii və süni ekosistemlər arasındakı əsas fərqlər onların mənşəyi, idarə olunması və dayanıqlığı ilə bağlıdır. Təbii ekosistem özünü tənzimləyən, süni ekosistem isə insan tərəfindən idarə olunan sistemdir. Süni ekosistemlərə misal olaraq şəhər parklarını və ya kənd təsərrüfatı tarlaları göstərmək olar. Təbii Ekosistem (məs: Meşə, Göl), Süni Ekosistem (məs: Tarla, Akvarium) hesab olunur. Təbii Ekosistem Təbiətdə öz-özünə, insanın müdaxiləsi olmadan yaranır. müdaxiləsi olmadan yaranır. Süni Ekosistem isə insanlar tərəfindən müəyyən məqsədlər üçün yaradılır.

Süni şəkildə yaradılan ekosistemlər (parklar, bağlar, tarlalar, akvariumlar, su anbarları) təbii ekosistemlərlə müqayisədə aşağı dayanıqlığa malikdir və çox vaxt insan müdaxiləsi olmadan mövcud ola bilmirlər.

Süni ekosistemlərin dayanıqlıq səviyyəsi aşağı olduğu üçün bioloji müxtəliflik zəif olur. Bu sistemlərdə növ tərkibi məhduddur (məsələn, bir növ bitkinin əkildiyi tarla). Təbii ekosistemlərdə növ müxtəlifliyi yüksək olduğu üçün ekoloji tarazlıq daha rahat qorunur.

Süni ekosistemlərə daim insan müdaxiləsi tələb olunur. ekoloji tarazlığın saxlanılması üçün insanın daimi nəzarətinə, suvarılmasına, gübrələnməsinə və zərərvericilərdən qorunmasına ehtiyac duyur.

Süni ekosistemlər özlüyündə müxtəlif Qısamüddətli və Uzunmüddətli olur. Məsələn bir tarla çox qısaömürlüdür və hər mövsüm yenilənməlidir. Parklar və ya süni su anbarları daha uzunömürlü ola bilsə də, onlara baxım göstərilmədiyi təqdirdə zamanla sıradan çıxır və təbii şəraitə uyğunlaşmağa çalışır.

Ekosistemin dayanıqlığını artırmaq dedikdə, bu onun kənar təsirlərə (iqlim dəyişikliyi, çirklənmə, insan müdaxiləsi) qarşı müqavimət göstərməsi və özünü bərpa etməsi kimi başa düşülür. Bunun üçün həm yerli, həm də qlobal səviyyədə bir sıra tədbirlər görülməlidir. Bioloji Müxtəlifliyin Qorunması olduqca vacibdir. Xüsusi Mühafizə Olunan Ərazilər, Milli parkların və qoruqların sayının artırılması növlərin təbii yaşayış mühitini qorunmasında böyük rol oynayır. Azərbaycanda ərazinin təxminən 10,3%-i bu cür ərazilərdən ibarətdir. Yeni meşə zolaqlarının salınması torpaq eroziyasının qarşısını alır və meşələr atmosferdə olan karbon qazını udur. Çay yataqlarının təmizlənməsi, damcılı suvarma sistemlərinə keçid və alternativ su mənbələrindən istifadə su ekosistemlərinin qurumasının qarşısını alır. Torpağın Sağlamlaşdırılması da çox vacibdir. Bunun üçün də fəaliyyətləri aparılmalıdır . Pestisidlərin istifadəsini azaldılması və üzvi gübrələrə üstünlük verilməlidir və bu da redusentlərin (bakteriya və göbələklərin) fəaliyyətini aktivləşdirərək torpağın münbitliyini artırır. İqlim Dəyişikliyinə Uyğunlaşma üçün Milli Uyğunlaşma Planları hazırlanmalı və Dövlət səviyyəsində iqlim risklərinin qiymətləndirilməsi və onlara qarşı strateji addımların (məsələn, quraqlığa davamlı bitki növlərinin əkilməsi) atılması kimi tədbirlər həyata keçirilməlidir. Tullantıların İdarə Edilməsi və Təkrar Emalı da olduqca vacibdir. Bu tullantıların çeşidlənməsi və təkrar emalı təbii resurslara olan tələbatı azaldır və ətraf mühitin çirklənməsinin qarşısını alır.

Ekosistemlər bizi təmiz hava (oksigen), içməli su, qida və dərman preparatlarının xammalı ilə təmin edir. Məsələn, meşələr havanı təmizləyən "yer kürəsinin ağciyərləri"dir. Meşələr və okeanlar karbon qazını udaraq qlobal istiləşmənin qarşısını alır. Ekosistemlər pozulduqda təbii fəlakətlərin (sel, quraqlıq) sayı artır. Hər bir canlı ekosistemin bir həlqəsidir. Bir növün yox olması bütün zənciri (məsələn, bitkilərin tozlanmasını və ya zərərvericilərlə mübarizəni) poza bilər. Sağlam ekosistemlərdə redusentlər (bakteriya və göbələklər) torpağı daim yeniləyir. Bu proses olmasa, kənd təsərrüfatı və qida istehsalı dayanar. İ nsanlar istirahət və sağlamlıq üçün təbiətə ehtiyac duyurlar. Təbiət turizmi bir çox ölkənin iqtisadiyyatının əsasını təşkil edir. Bir sözlə, ekosistemlər insanın yaşamasını təmin edən nəhəng və mürəkkəb bir dəstək sistemidir. Gəlin hamımız birlikdə təbiəti qoruyaq".