“Azərbaycanın qazandığı Zəfər siyasi qətiyyətin, milli ruhun, tarixi ədalətin təntənəsidir” -DEPUTAT DANIŞDI

13 May 2026 17:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin doğum günündə Zəngilan şəhərində yeni yaşayış kompleksinə köçən ailələrlə görüşü olduqca dərin siyasi və mənəvi məna daşıyır.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu görüş həm vətəndaşlarla səmimi ünsiyyət, eyni zamanda dövlətimizin son illərdə keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və həyata keçirilən Böyük Qayıdış siyasətinin real nəticələrinin nümayişidir:

”Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və vaxtilə əlçatmaz görünən bir çox hədəflər artıq gerçəkliyə çevrilib.

Azərbaycan xalqı son onilliklər ərzində ağır sınaqlardan keçərək güclü siyasi iradəyə, müasir orduya və milli birliyə söykənən qalib dövlət formalaşdırdı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması xalqımızın tarixi haqqının təmin edilməsi ilə yanaşı, regionda yeni siyasi reallıqlar yaratdı. Bu qələbələrin əsasında isə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalq-iqtidar birliyi dayanır.

Cənab Prezidentin çıxışında ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər sistemində illərlə şahidi olduğumuz ikili standartların açıq ifadəsi idi. Uzun illər ərzində münaqişənin həlli adı altında aparılan nəticəsiz danışıqlar Azərbaycanın haqq mövqeyini təmin etmədi. Əksinə, Azərbaycan öz gücünə arxalanaraq beynəlxalq hüququ və tarixi ədaləti döyüş meydanında bərpa etdi. Bu gün artıq dünya da qəbul edir ki, regionda yeni reallığı yaradan dövlət Azərbaycandır və bu reallığın müəllifi məhz cənab Prezident İlham Əliyevdir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın qurucu və inkişaf etdirici dövlət modelinə sahib olduğunu nümayiş etdirir. Zəngilanın strateji nəqliyyat və logistika mərkəzinə çevrilməsi, kənd təsərrüfatı, yaşıl enerji və beynəlxalq əməkdaşlıq istiqamətində planlaşdırılan layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq. Aparılan işlər göstərir ki, azad edilmiş torpaqlarımız həm bərpa olunur, eyni zamanda dünyanın ən müasir yanaşmaları əsasında yenidən qurulur.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi postmünaqişə dövründə Azərbaycanın ortaya qoyduğu innovativ inkişaf strategiyasının ən uğurlu nümunələrindəndir. Xüsusilə Ağalı kəndi artıq Böyük Qayıdışın simvoluna çevrilib. Müasir texnologiyalar, alternativ enerji, rəqəmsal idarəetmə və ekoloji yanaşmalar əsasında qurulan bu model digər azad edilmiş ərazilər üçün də nümunə rolunu oynayır.

Azərbaycanın qazandığı Zəfər siyasi qətiyyətin, milli ruhun, tarixi ədalətin və xalqımızın yenilməz iradəsinin təntənəsidir. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da regionda sabitliyin, inkişafın və sülhün əsas təminatçısı kimi mövqeyini daha da möhkəmləndirəcək, işğaldan azad edilmiş torpaqlarımız isə yaxın illərdə dünyanın ən nümunəvi yaşayış və inkişaf məkanlarından birinə çevriləcək”.