“Bu görüş Azərbaycanın qlobal çağırışlara tam hazır olduğunu nümayiş etdirir” - ŞƏRH EDİLDİ

13 May 2026 16:41 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bp-nin baş icraçı direktoru Meq O’Nil ilə görüşü Azərbaycanın qlobal enerji xəritəsindəki strateji rolunun və bp ilə onilliklərdir davam edən etibarlı tərəfdaşlığının növbəti təsdiqi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəçov deyib.

Onun sözlərinə görə, görüş Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, xüsusən, "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi və "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi mövcud layihələrin effektiv idarə olunmasının bu tərəfdaşlığın nüvəsini təşkil etdiyini bir daha göstərmiş oldu:

“Aydındır ki, dünyanın ən böyük enerji nəhənglərindən birinin rəhbərinin Bakıya səfəri və ən yüksək səviyyədə qəbulu, xarici investorların Azərbaycanın iqtisadi sabitliyinə və gələcək potensialına olan dərin inamının göstəricisidir və bu da özlüyündə tarixi proseslərin təbii axarı yox, Bakının həyata keçirdiyi çoxvektorlu geosiyasi kursunun nəticəsidir. Təsadüfi deyil ki, bp ilə müzakirələr yalnız neft-qaz hasilatı ilə məhdudlaşmır. "Yaşıl enerji" layihələri, bərpa olunan enerji mənbələrinə keçid və dekarbonizasiya məsələləri hazırda gündəmin əsas hissəsidir. bp-nin Cəbrayılda inşa etməyi planlaşdırdığı "Şəfəq" layihəsi kimi bərpa olunan enerji təşəbbüsləri, ənənəvi enerji tərəfdaşlığının yeni və müasir müstəviyə keçdiyini göstərir.

Həmçinin görüş zamanı yeni yataqların kəşfiyyatı və hasilatın stabilləşdirilməsi məsələlərinin müzakirə olunması, ölkə iqtisadiyyatına kapital axınının davamlılığını təmin etmək perspektivindən xəbər verir. Beləliklə, Prezident İlham Əliyevin Meq O’Nili qəbul etməsi və müzakirələrin ritorikası Azərbaycanın enerji diplomatiyasının çevikliyini və yaşıl keçid, enerji təhlükəsizliyi kimi qlobal çağırışlara tam hazır olduğunu nümayiş etdirir. Bu görüş həm Azərbaycanın milli maraqlarının qorunması, həm də bp-nin regiondakı strateji mövqeyinin möhkəmlənməsi baxımından hər iki tərəf üçün uğurlu bir mərhələ sayıla bilər”.