“Açıq şəraitdə satışa çıxarılan bəzi qida məhsulları insan sağlamlığı üçün ciddi risk mənbəyinə çevrilə bilər. Qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyəti ilə deyil, onun saxlanma, daşınma və satış şəraitinin düzgün təşkil olunması ilə də birbaşa bağlıdır.
Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, məhsulların uyğun temperaturda qorunmaması, gigiyenik tələblərə əməl edilməməsi və “mal qonşuluğu” prinsiplərinin pozulması təhlükəli nəticələr yarada bilər:
”Hətta ilkin mərhələdə keyfiyyətli olan məhsul belə, açıq mühitdə müxtəlif çirkləndirici amillərin təsiri altında sağlamlıq üçün təhlükəyə çevrilir.
Bu risklər daha çox açıq şəkildə satılan çərəzlər, ədviyyatlar, paxlalılar və ev şəraitində hazırlanmış turşularda müşahidə olunur. Hər bir məhsulun özünəməxsus saxlanma qaydaları və temperatur rejimi var. Uyğun olmayan qablaşdırma vasitələri və düzgün saxlanmayan şərait məhsulun tərkibinə zərərli maddələrin keçməsinə səbəb ola bilər. Nəticədə həmin maddələr insan orqanizminə daxil olaraq müxtəlif sağlamlıq problemləri yaradır.
Xüsusilə yol kənarlarında və açıq küçə şəraitində satılan qidalar daha böyük təhlükə daşıyır. Belə mühitdə məhsullar avtomobil tüstüsü, toz, ağır metallar və digər ekoloji çirkləndiricilərlə təmasda olur. Bu isə immun sistemi zəif olan insanlar, uşaqlar və yaşlılar üçün daha ciddi risk hesab edilir. Həmin məhsullar allergik reaksiyalar, həzm pozğunluqları, mədə-bağırsaq xəstəlikləri və infeksiyaların yaranmasına səbəb ola bilər.
Bir çox hallarda insanlar qida qəbulundan sonra yaranan narahatlığın mənbəyini dərhal müəyyən edə bilmirlər. Açıq şəraitdə satılan məhsulların, xüsusilə də yuyulması mümkün olmayan ədviyyatların təhlükəsi daha yüksəkdir. Çünki onların üzərində toplanan bakteriya və mikroorqanizmlər heç bir emaldan keçmədən birbaşa insan orqanizminə daxil olur.
Bundan başqa, satış zamanı gigiyena qaydalarına əməl edilməməsi, qoruyucu vasitələrdən istifadə olunmaması bakterial çirklənmə riskini artırır. Buna görə mütəxəssislər istehlakçılara qida məhsullarını yalnız etibarlı mənbələrdən, üzərində istehsal tarixi, son istifadə müddəti və saxlanma şəraiti göstərilən qablaşdırılmış formada almağı tövsiyə edirlər.
Qida təhlükəsizliyi istehsaldan istehlaka qədər bütün mərhələlərdə sanitariya və gigiyena normalarına riayət olunması ilə təmin edilir. Bu məsələ həm fərdi sağlamlığın, həm də ictimai təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.”