“Qonşu ölkələrdə qiymət artımının Azərbaycana da müəyyən təsirləri ola bilər. Xüsusilə idxaldan asılı olan məhsulların qiymətində artım riski yüksəlir. Azərbaycan bir sıra ərzaq, sənaye və istehlak məhsullarını xaricdən aldığı üçün həmin ölkələrdə inflyasiya baş verdikdə bu, daxili bazarda da qiymət artımına səbəb ola bilər”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, nəqliyyat və logistika xərclərinin yüksəlməsi də qiymətlərə təsir edən əsas amillərdəndir:
”Qonşu ölkələrdə yanacaq, enerji və daşınma xərcləri artdıqda idxal məhsullarının maya dəyəri yüksəlir və nəticədə bu, Azərbaycandakı satış qiymətlərinə təsir göstərir.
Valyuta məzənnələrində dəyişikliklər də mühüm rol oynayır. Əgər region ölkələrinin milli valyutaları zəifləyərsə və ya iqtisadi qeyri-sabitlik yaranarsa, ticarət əlaqələrində əlavə risklər meydana çıxır. Bu vəziyyət həm idxalın qiymətinə, həm də bazardakı ümumi inflyasiya səviyyəsinə təsir edə bilər.
Digər tərəfdən, bəzi hallarda qonşu ölkələrdə istehsal xərclərinin artması Azərbaycanın yerli istehsalçıları üçün rəqabət üstünlüyü yarada bilər. Yerli məhsullara tələbatın artması daxili istehsalın genişlənməsinə stimul verə bilər.
Ekspertlər hesab edirlər ki, bu təsirlərin minimuma endirilməsi üçün yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi əsas istiqamətlərdən biridir”.
Ayşən Vəli