Dünyanın diqqəti Bakıya yönəlir - TƏHLİL

13 May 2026 12:36 (UTC+04:00)

Son illər Azərbaycan dünyanın qlobal güc mərkəzlərindən biri olaraq bir sıra beynəlxalq tədbirlərə, konfranslara, idman yarışlarına ev sahibliyi edir. 2024-cü ilin noyabrında bütün dünyanın diqqəti Azərbaycanda oldu. Ölkəmizin paytaxtı Bakı şəhərində 80-dən çox prezidentin, vitse-prezidentin, baş nazirin, ümumilikdə 196 ölkədən 72 mindən çox nümayəndələrinin iştirak etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Sessiyada dünyamızın ən aktual məsələlərdindən olan qlobal iqlim dəyişikliklərinin yaratdığı müasir təhdidləri müzakirə edildi və əhəmiyyətli qərarlar qəbul olundu.

Bu günlər dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. 2026-cı il mayın 17–22-də Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun, qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahəsində uğurlu nailliyyətlərinin göstəricisidir. Artıq şəhərin mərkəzi sahələrindən olan Bakı Olimpiya Stadionunda lazım olan bütün işlər yekunlaşıb. Ərazi əhatə dairəsi 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub. Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək.

Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

WUF13 yenilikləri ilə yaddaşlarda iz buraxacaq

"Urban Expo zonası" isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub. Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Görülən yüksək səviyyəli işlər onu deməyə əsas verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) əhəmiyyətli qərarların qəbulu, səmərəli görüşlərin keçirilməsinə görə planetin ən mötəbər tədbiri olaraq yaddaşlara həkk olunucaq. Təbdirə qatılacaq xarici qonaqlar ölkəmizdən yüksək əhvali-ruhiyyə ilə ayrılacaqlar. Nüfuzlu xarici televiziyalar, saytlar nəinki tədbirin keçirldiyi günlərdə, ümumilikdə illər sonrada Bakı tədbiri haqqında geniş və əhatəıli məqalələr yazacaq, videolar paylaşacaq, verilişlər yayımlayacaqlar.

Qazanılan uğurlara, əldə olunan nailiyyətlərə görə Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevə minnətdarıq. Məhz onun müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın ən qüdrətli dövlətlərdən birinə çevrildi. Azərbaycan Fateh Sərkərdə İlham Əliyevin Sərkərdəlik məharəti ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azadlığına nail oldu. Bu tarixi zəfərlə Azərbaycanın gücünə güc qatıldı. Bu gün birmənalı şəkildə qeyd olunmalıdır ki, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu Azərbaycan dövləti Fateh Sərkərdə, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Təbii ki, bu siyasət bundan sonra da davam etdiriləcək və Azərbaycan daha da güclənəcək, dünyada nüfuzu daha da artacaq.

İ.ƏLİYEV