Mərkəzi Gömrük Hospitalında seminar keçirilib

13 May 2026 12:19 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib
12 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalı-ın birgə təşkilatçılığı ilə “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri, həkimlər və həkim rezidentlər iştirak ediblər.
Tədbirdə salamlama nitqi ilə çıxış edən baş həkim Bəxtiyar Musayev tibbi genetikanın müasir səhiyyədə artan rolundan bəhs edərək, xüsusilə erkən diaqnostika, fərdiləşdirilmiş müalicə yanaşmaları və reproduktiv sağlamlıq sahəsində genetik tədqiqatların əhəmiyyəti, vurğulayıb. Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, müasir tibbin inkişafı genetik elmlərin klinik praktikaya inteqrasiyası ilə daha da sürətlənir və bu sahədə əldə olunan yeniliklər həkimlərin gündəlik fəaliyyətində mühüm dəstək rolunu oynayır.
Tədbirdə tibbi genetika sahəsinin müasir çağırışları, reproduktiv sağlamlıqda genetik skrininqin rolu və yeni nəsil molekulyar diaqnostika metodlarının klinik praktikada tətbiqi barədə ümumi məlumat verilib. Seminarın elmi hissəsində tanınmış mütəxəssislər çıxış ediblər. İlk olaraq Dr. İlya Kanivets “Preqravidal hazırlığa genetik baxış” mövzusunda məruzə ilə çıxış edərək, ailə planlamasında genetik risklərin qiymətləndirilməsi və erkən diaqnostikanın əhəmiyyətini vurğulayıb.
Daha sonra Dr. Kəmalə Hüseynova “Sağlam hamiləlik üçün ümid: PGD-NGS və NIPT-NGS” mövzusunda təqdimat edərək, preimplantasiya genetik diaqnostika və qeyri-invaziv prenatal testlərin müasir tibbdə tətbiqi, eləcə də yüksək riskli hamiləliklərin idarə olunması barədə ətraflı məlumat verib.
Seminarın növbəti məruzəçisi Leyla Abbasova “Genetik testlər üçün düzgün preanalitik hazırlığın əhəmiyyəti (PGT-A, NIPT, WES)” mövzusunda çıxış edərək, laborator diaqnostikanın keyfiyyətinə təsir edən mərhələlər və düzgün nümunə hazırlanmasının nəticələrin dəqiqliyində rolunu izah edib.
Çıxışlardan sonra tədbir iştirakçıları ilə geniş elmi müzakirələr aparılıb, mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb və tibbi genetika sahəsində yeniliklərin klinik praktikaya inteqrasiyası barədə fikir mübadiləsi həyata keçirilib. Elmi seminar yüksək elmi səviyyəsi, praktik yönümlü yanaşması və interaktiv müzakirələri ilə yadda qalıb.