"ABŞ–İran qarşıdurması ilə bağlı hazırda regionda tammiqyaslı müharibədən daha çox davamlı və sporadik xarakter daşıyan gərginlik müşahidə olunur. Yəni tərəflər arasında birbaşa genişmiqyaslı toqquşma olmasa da, gərginlik müxtəlif formalarda davam edir və paralel şəkildə diplomatik proseslər də işlək vəziyyətdədir".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.
.jpg)
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas diqqət İranın nüvə proqramı, Hörmüz boğazının təhlükəsizliyi və regiondakı güc balansı üzərində cəmlənib: "ABŞ və İsrail İranın regional təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bu siyasət həm hərbi təzyiq elementləri, həm iqtisadi sanksiyalar, həm də diplomatik vasitələrlə həyata keçirilir. Məqsəd İranın iqtisadi imkanlarını zəiflətmək və onun regional təsir dairəsini azaltmaqdır.
İran isə buna cavab olaraq daha çox asimmetrik müharibə strategiyasına üstünlük verir. Yəni birbaşa genişmiqyaslı müharibədən daha çox regiondakı müttəfiq qüvvələr, qeyri-dövlət aktorları və müxtəlif təzyiq vasitələri üzərindən təsir göstərməyə çalışır. Bu səbəbdən Yaxın Şərqdə gərginlik tam səngimir və müxtəlif nöqtələrdə vaxtaşırı toqquşmalar davam edir.
Hazırda proseslərin hansı nəticəyə gətirib çıxaracağını tam şəkildə proqnozlaşdırmaq çətindir. Çünki bir tərəfdən diplomatik danışıqlar davam edir, digər tərəfdən isə hərbi ritorika və qarşılıqlı təzyiqlər artır. Bu isə regionu həssas vəziyyətdə saxlayır.
Azərbaycan baxımından əsas prioritet regional sabitliyin qorunması və balanslı diplomatiyanın davam etdirilməsidir. Çünki regionda böyükmiqyaslı müharibənin genişlənməsi həm iqtisadi, həm təhlükəsizlik, həm də geosiyasi baxımdan bütün bölgəyə ciddi təsir göstərə bilər.
Hazırkı mənzərə onu göstərir ki, diplomatik proseslər davam etsə də, gərginlik səviyyəsi yüksək olaraq qalır və bir çox ekspertlər yaxın dövrdə risklərin azalmasından daha çox qarşıdurma ehtimallarının artdığını düşünürlər".