"Məhsullar düzgün saxlanılmadıqda qida zəhərlənməsi riski artır" - EKSPERT AÇIQLADI

13 May 2026 11:32 (UTC+04:00)

"Ev şəraitində qida zəhərlənmələrinin baş verməsinin əsas səbəblərindən biri məhsulların düzgün saxlanılmaması və gigiyenik qaydalara əməl edilməməsidir. İnsanlar arasında bəzən belə yanlış fikir formalaşır ki, əgər məhsulun iyi dəyişməyibsə və ya xarici görünüşündə problem yoxdursa, deməli, istifadəyə yararlıdır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu, tam doğru deyil: "Bir çox hallarda təhlükəli bakteriyalar məhsulun dadını və ya iyini dəyişmədən də insan sağlamlığı üçün ciddi risk yarada bilir.

Ən çox rast gəlinən hallardan biri mayonezli, smetanalı və kremli qidaların uyğun temperaturda saxlanılmamasıdır. Bu tip məhsullar tez xarab olduğu üçün onların uzun müddət otaq temperaturunda qalması zəhərlənmə riskini artırır. Bəzən insanlar bişmiş yeməkləri saatlarla mətbəxdə saxlayır, daha sonra isə yenidən qızdıraraq istifadə edirlər. Bu isə bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Digər ciddi problemlərdən biri eyni kəsici alətlərin müxtəlif məhsullar üçün istifadə olunmasıdır. Məsələn, eyni bıçaqla həm çiy toyuq və ya ət, həm də meyvə-tərəvəz kəsilməsi bakteriyaların bir məhsuldan digərinə keçməsinə səbəb ola bilər. Sadəcə su ilə yaxalamaq hər zaman kifayət etmir. Kəsici alətlər və lövhələr mütləq şəkildə yaxşı yuyulmalı, mümkün olduqda isə ayrı-ayrı istifadə edilməlidir.

Məhsul qonşuluğuna əməl olunmaması da zəhərlənməyə səbəb olan əsas amillərdəndir. Soyuducuda çiy ət, balıq və bişmiş yeməklərin açıq şəkildə eyni rəfdə saxlanılması çarpaz çirklənməyə səbəb olur. Bu zaman bakteriyalar digər qidalara keçə bilir.

Bəzən insanlar dondurulmuş məhsulu əridib yenidən soyuducuya və ya dondurucuya qoyurlar. Bu proses məhsulun keyfiyyətini aşağı salır və təhlükəli mikroorqanizmlərin yaranması üçün şərait yaradır. Xüsusilə tortlar, kremli şirniyyatlar və digər tez xarab olan məhsullar düzgün temperaturda saxlanılmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qida zəhərlənmələrinin böyük hissəsi məhsulların düzgün saxlanılmaması, gigiyena qaydalarına əməl edilməməsi və qidalardan yanlış istifadə nəticəsində baş verir. Buna görə də məhsulların saxlanma temperaturuna diqqət yetirilməli, mətbəxdə təmizlik və gigiyena qaydalarına ciddi riayət olunmalıdır".