“Azad edilmiş ərazilər sadəcə bərpa olunmur, eyni zamanda…” - ŞƏRH EDİLDİ

12 May 2026 20:05 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyev bir qayda olaraq dövlət tədbirləri, milli bayramlar və şəxsi əhəmiyyət daşıyan günlərdə işğaldan azad olunmuş ərazilərə səfərlər edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu səfərlər artıq ənənə xarakteri alıb və həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır:

“Dövlət başçısının həmin bölgələrdə olması, aparılan quruculuq işləri ilə yerində tanış olması, sakinlərlə görüşməsi bir daha göstərir ki, azad edilmiş torpaqlar Azərbaycanın inkişaf strategiyasında prioritet istiqamətlərdən biridir.

Bu səfərlər zamanı Prezident İlham Əliyev yeni yaşayış məntəqələrinin, sosial obyektlərin, yolların, məktəblərin və digər infrastruktur layihələrinin açılışını edir. Eyni zamanda bölgəyə köçən sakinlərlə görüşərək onların fikir və təkliflərini dinləyir, qarşıda duran vəzifələrlə bağlı geniş çıxışlar edir. Dövlət başçısının çıxışlarında həm bu gün görülən işlər, həm də gələcək inkişaf planları ətraflı şəkildə əks olunur. Bu da insanların gələcəyə olan inamını daha da artırır.

Zəngilana edilən son səfər də xüsusi əhəmiyyət daşıdı və olduqca uğurlu keçdi. Artıq Zəngilan şəhərinin mərkəzində yeni yaşayış kvartalının açılışı həyata keçirildi. Müasir standartlara cavab verən mənzillər sakinlərin istifadəsinə verildi və insanlar uzun illərdən sonra doğma torpaqlarında rahat yaşayış imkanına qovuşdular. Bu, yalnız mənzil təminatı deyil, həm də insanların öz yurdlarına qayıdışının, sosial həyatın yenidən bərpasının mühüm göstəricisidir.

Dövlət tərəfindən həmin ərazilərdə insanların rahat və təhlükəsiz yaşayışı üçün genişmiqyaslı işlər görülür. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar və digər sosial obyektlər tikilir. Eyni zamanda kommunikasiya xətləri, yollar, elektrik, qaz və su təminatı tamamilə yenilənir. Bütün bunlar göstərir ki, azad edilmiş ərazilər sadəcə bərpa olunmur, eyni zamanda müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

Ən vacib məsələlərdən biri də məşğulluğun təmin edilməsidir. Dövlət qurumları tərəfindən bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində sürətli və məqsədyönlü addımlar atılır. Kənd təsərrüfatı, xidmət sektoru, turizm və digər sahələr üzrə yeni layihələr həyata keçirilir. Məqsəd odur ki, həmin ərazilərə qayıdan insanlar yalnız mənzillə təmin olunmasın, eyni zamanda davamlı iş imkanlarına və sabit gəlir mənbəyinə sahib olsunlar.

Bütün bunlar onu göstərir ki, işğaldan azad edilmiş ərazilərin bərpası prosesi sistemli və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri isə bu prosesin daim nəzarətdə saxlanıldığını və dövlətin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir”.