“Cənab Prezident İlham Əliyevin bölgələrə səfərləri həm daxili idarəetmə, həm də siyasi-strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfərləri iki əsas aspektdən qiymətləndirmək olar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, birinci aspekt sosial-iqtisadi və praktiki məsələlərlə bağlıdır:
“Xüsusilə işğaldan azad edilmiş ərazilərə edilən səfərlər zamanı həmin bölgələrdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin real vəziyyəti ilə yaxından tanış olmaq imkanı yaranır. İnfrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların tikintisi, enerji və kommunikasiya xətlərinin qurulması kimi proseslərin hansı mərhələdə olduğu birbaşa nəzarətdə saxlanılır. Eyni zamanda, artıq doğma yurdlarına qayıdan insanların sosial vəziyyəti, gündəlik yaşayışı, onların ehtiyac və gözləntiləri ilə bağlı konkret məlumatlar əldə edilir. Bu isə dövlət proqramlarının daha effektiv şəkildə həyata keçirilməsinə və mövcud problemlərin operativ həllinə imkan yaradır.
Digər mühüm məqam isə Prezidentin bölgə səfərlərinin siyasi və qlobal mesajlar baxımından da xüsusi məna daşımasıdır. Dövlət başçısı bu səfərlər zamanı yalnız görülən işlər barədə danışmır, eyni zamanda regional və beynəlxalq proseslərlə bağlı Azərbaycanın mövqeyini də açıq şəkildə ifadə edir. Xüsusilə sonuncu Zəngilan səfəri zamanı Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi. O, Fransanın regiondakı siyasətini, Prezident Emmanuel Makronun yanaşmasını tənqid edərək bəzi Qərb dairələrinin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyini vurğuladı. Bununla yanaşı, Ermənistanda baş verən daxili siyasi proseslərə toxunuldu və regionda davamlı sülhün təmin olunması üçün reallıqların qəbul edilməsinin vacibliyi qeyd edildi.
Prezident həmçinin vaxtilə fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun illərlə münaqişənin həlli istiqamətində real nəticə əldə edə bilmədiyini xatırladaraq, Azərbaycanın problemi öz gücü hesabına həll etdiyini diqqətə çatdırdı. Bu mesajlar həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq tərəfdaşlara ünvanlanmış siyasi mövqe kimi qiymətləndirilir.
Ümumilikdə, Prezidentin bölgələrə səfərləri təkcə görülən işlərlə tanışlıq xarakteri daşımır. Bu səfərlər dövlətin bölgələrə xüsusi diqqətinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın siyasi iradəsinin, postmünaqişə dövründə həyata keçirdiyi inkişaf strategiyasının və regional məsələlərə dair prinsipial mövqeyinin nümayişi baxımından da mühüm rol oynayır”.