“Azərbaycan Aİ ilə münasibətlərin qarşıdurma müstəvisində qurulmasının tərəfdarı olmadığını nümayiş etdirir” - ŞƏRH

12 May 2026 17:07 (UTC+04:00)

”Prezident İlham Əliyevin Avropa Komissiyasının nümayəndə heyətinin başçısını qəbul etməsi ilə bağlı çıxışı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və tərəflər arasında mövcud olan siyasi yanaşmaları bir daha gündəmə gətirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Cəbrayılov deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri son dövrlərdə regionda baş verən siyasi proseslər fonunda xüsusi diqqət çəkdi:

“Bu səfər, xüsusilə də İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərindən sonra baş tutduğu üçün müəyyən mənada paradoksal siyasi mənzərə yaratdı. Bir tərəfdən Avropa İttifaqının bəzi üzv dövlətləri Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayır, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərində Bakının rolunu yüksək qiymətləndirirlər. Digər tərəfdən isə Avropa Birliyinin müəyyən institutları Azərbaycana qarşı tənqidi və qərəzli mövqelərlə çıxış edir, müxtəlif qətnamələr qəbul edirlər.

Məhz bu ziddiyyətli yanaşma Azərbaycan ictimaiyyətində və siyasi dairələrində haqlı suallar doğurur. Çünki son illər qəbul olunan qətnamələrdə Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirilir, ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan fikirlər yer alır. Xüsusilə separatçılarla bağlı məsələlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti və məhkəmə prosesləri barədə irəli sürülən iddialar Azərbaycanda birmənalı qarşılanmır.

Halbuki Azərbaycan tərəfi uzun illər ərzində fərqli mənzərə ilə üzləşdiyini bildirir. Təxminən 30 ilə yaxın davam edən işğal dövründə Avropa Birliyinin Ermənistanın işğalçı siyasətinə qarşı ciddi və prinsipial mövqe nümayiş etdirmədiyi tez-tez qeyd olunur. Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, həmin dövrdə ölkənin ərazi bütövlüyü pozulsa da, milyonlarla insan qaçqın və məcburi köçkün həyatı yaşasa da, Avropa institutları tərəfindən Ermənistana qarşı sərt siyasi təzyiqlər və ya qətiyyətli qətnamələr qəbul edilmədi.

Bu baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər rəsmi Bakının mövqeyini açıq şəkildə ifadə edir. Prezident Avropa Siyasi Birliyi və Avropa İttifaqı–Ermənistan sammitində çıxışı zamanı diqqətə çatdırdı ki, 2021–2026-cı illər ərzində Azərbaycana qarşı 17 qərəzli qətnamə qəbul olunub. Dövlət başçısı bunun artıq təsadüfi və ya ayrı-ayrı siyasi mövqelərdən doğan məsələ olmadığını, sistemli yanaşmanın göstəricisi olduğunu vurğuladı.

Prezidentin “ağır ikili standart” ifadəsini işlətməsi də məhz bu məqamla bağlı idi. Azərbaycan tərəfi hesab edir ki, beynəlxalq münasibətlərdə bütün dövlətlərə eyni prinsiplərlə yanaşılmalıdır. Əgər insan hüquqları, beynəlxalq hüquq və demokratiya məsələləri ön plana çəkilirsə, bu prinsiplər selektiv şəkildə deyil, hamıya bərabər tətbiq olunmalıdır. Rəsmi Bakı uzun illərdir Avropa institutlarını məhz bu məsələdə obyektiv olmağa çağırır.

Digər mühüm məqamlardan biri isə Azərbaycana qarşı qəbul olunan qətnamələrin arxasında müəyyən siyasi lobbi qruplarının və təsir mexanizmlərinin dayanması ilə bağlı fikirlərdir. Azərbaycanlı ekspertlər və siyasi şərhçilər hesab edirlər ki, bəzi dairələr məqsədli şəkildə anti-Azərbaycan kampaniyası aparır, Avropa institutlarında ölkəyə qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Bu qüvvələrin müxtəlif siyasi mərkəzlərlə sıx əlaqələrinin olduğu və onların qərar qəbul etmə prosesinə təsir göstərdiyi iddia edilir.

Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin tamamilə qarşıdurma müstəvisində qurulmasının tərəfdarı olmadığını da nümayiş etdirir. Əksinə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və regional sabitlik məsələlərində əməkdaşlığın davam etdirilməsi vacib hesab olunur. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir və xüsusilə Cənub Qaz Dəhlizi layihəsi strateji əhəmiyyət daşıyır.

Məhz buna görə də son səfərlər və qarşılıqlı görüşlər göstərir ki, tərəflər arasında müəyyən fikir ayrılıqları olsa da, dialoq davam edir. Azərbaycan tərəfi münasibətlərin qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayır. Prezident İlham Əliyevin çıxışı da əsasən bu mesajların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından diqqət çəkir”.