Elektrik enerjisinə necə qənaət edək?

12 May 2026 16:48 (UTC+04:00)

Kommunal xərclərin artdığı və enerji resurslarına qənaətin daha vacib hala gəldiyi bir dövrdə texnologiya evlərdə enerji istifadəsini azaltmaq üçün yeni imkanlar yaradır. Ağıllı cihazlardan enerji effektiv işıqlandırmaya qədər bir çox müasir həll həm elektrik sərfiyyatını azaltmağa, həm də ailə büdcəsinə qənaət etməyə kömək edir. Gündəlik istifadə olunan bəzi texnoloji vasitələr sayəsində evdə enerji itkisini minimuma endirmək mümkündür.

Mövzu ilə bağlı SİA-ya elektrik məsələləri üzrə mütəxəssis İlkin Məmmədkərimov danışıb.

O bildirib ki, müasir texnologiyalar evlərdə elektrik enerjisindən daha səmərəli istifadə etməyə imkan yaradır. Düzgün texnoloji seçimlər həm enerji sərfiyyatını azaltmağa, həm də aylıq kommunal xərclərə ciddi şəkildə qənaət etməyə kömək edir. Xüsusilə son illərdə enerji effektiv cihazlara maraq daha da artıb:

“Enerjiyə qənaətin ən effektiv yollarından biri LED lampalardan istifadədir. LED işıqlandırma sistemləri adi lampalarla müqayisədə daha az enerji sərf edir, daha uzunömürlü olur və daha az isinərək əlavə enerji itkisini azaldır. Bu səbəbdən həm evlərdə, həm də ofislərdə geniş istifadə olunur.

Son illərdə “ağıllı ev” sistemləri də geniş yayılıb. Sensorlu işıqlar, taymerlə işləyən cihazlar və uzaqdan idarə olunan elektrik sistemləri istifadə olunmayan avadanlıqların boş yerə enerji sərf etməsinin qarşısını almağa kömək edir. Məsələn, bəzi sistemlər evdə heç kim olmadıqda işıqları və ya elektrik cihazlarını avtomatik söndürə bilir.

Enerji qənaətində məişət texnikasının seçimi də mühüm rol oynayır. Enerji effektivliyi yüksək olan soyuducu, kondisioner və paltaryuyan maşınlar daha az elektrik sərf edir. Bundan əlavə, cihazların “stand by” rejimində saxlanılması da əlavə enerji itkisinə səbəb olduğundan istifadə edilmədikdə onları tam söndürmək tövsiyə olunur”.

Ayşən Vəli