Ermənistanda mövcud siyasi proseslər, xüsusilə seçkilər və hökumətin gələcək istiqaməti, həm daxili siyasi qüvvələrin münasibətləri, həm də regional və beynəlxalq aktorların təsiri ilə formalaşır.
SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada jurnalistlərin suallarını cavablandırarkən deyib.
Deputat bildirib ki, hazırkı mərhələdə həm radikal müxalifət, həm də müxtəlif siyasi qruplar ölkənin gələcək kursuna təsir göstərməyə çalışır və bu, siyasi sistem daxilində rəqabətin mövcud olduğunu göstərir.
Rizvan Nəbiyev qeyd edib ki, baş nazir Nikol Paşinyanın siyasi gələcəyi də bu proseslərdən birbaşa asılıdır və seçkilərin nəticələri Ermənistanın daxili sabitliyi və xarici siyasət prioritetləri baxımından həlledici rol oynaya bilər.
O vurğulayıb ki, ölkə daxilində “radikal” və “reformist” yanaşmalar arasındakı fərqlər seçki prosesində daha aydın şəkildə özünü göstərəcək və gələcək siyasi qərarlar həm daxili ictimai rəyə, həm də xarici təsirlərə əsaslanacaq.
Deputat əlavə edib ki, Ermənistanın siyasi inkişafı regiondakı ümumi geosiyasi vəziyyətlə sıx bağlıdır və bu proseslərin nəticələri yaxın dövrdə daha aydın görünəcək.