Bakıda iki marşrut üzrə müsabiqənin qalibi müəyyən edilib

12 May 2026 15:49 (UTC+04:00)

Bakıda 161 və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibi müəyyən edilib.

Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Əmircan və Hövsan qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana Yeni yaşayış kompleksini "Koroğlu" NMM-lə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs "Azlənd Plaza" MMC qalib elan olunub.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.