Son illərdə beynəlxalq sistemdə baş verən iqtisadi və təhlükəsizlik dəyişikliklərinin dövlətlərin xarici siyasətinə ciddi təsir göstərdiyi bildirilib.
SİA xəbər verir ki, bu barədə siyasi analitik Rizvan Hüseynov Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, xüsusilə Afrika və Yaxın Şərqdə uzun illər mövcud olmuş neokolonial siyasət modelləri son dövrlərdə daha çox tənqid edilir və təsir imkanlarını itirir.
Analitik bildirib ki, “Ərəb baharı”ndan sonra Suriyada və Afrika ölkələrində yaranan geosiyasi dəyişikliklər Fransanın ənənəvi təsir dairəsini zəiflədib. Bu boşluğun isə Çin, Rusiya və qismən Türkiyə kimi aktorlar tərəfindən doldurulduğu qeyd olunub.
Rizvan Hüseynov vurğulayıb ki, Fransa bu dəyişikliklər fonunda öz təsir imkanlarını qorumaq üçün yeni yanaşmalar formalaşdırmağa çalışır və xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqaza marağı artıb.
Onun sözlərinə görə, bu marağın əsas səbəbi regionda güc balansının dəyişməsi və əvvəlki təsir mexanizmlərinin zəifləməsidir.
Analitik əlavə edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və sonrakı mərhələdə suveren qərarvermə qabiliyyətini nümayiş etdirib və regionda mövqeyini gücləndirib.
O bildirib ki, Azərbaycanın hazırkı siyasəti regionda sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin milli maraqların qorunmasına yönəlib.