Havalar istiləşdikcə insanlar dondurmalara daha üstünlük verirlər. Bazarda isə köhnə dondurmalar çoxdur. Bəs dondurma alarkən nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, dondurma süd məhsulu olduğu üçün saxlanma şəraiti və temperaturu qorunmadıqda sağlamlıq riski yarada bilir:
“Dondurma seçimi edərkən diqqət etməli olduğumuz məqamlar var. Vizual olaraq fiziki formanın bütövlüyünə, saxlanma temperaturuna və etiketdəki bitki yağlarının mövcudluğuna diqqət etməliyik. Forması pozulmuş, üzərində buz kristalları olan dondurma soyuq zəncirin qırıldığının və mikrobioloji riskin artdığının birbaşa göstəricisidir.
Dondurmanın saxlanma temperaturu -18°C və daha aşağı olmalıdır. Əgər dondurma bir dəfə əriyib yenidən donubsa, onun tərkibindəki su molekulları iri buz kristallarına çevrilir. Belə olduqda sadəcə dad pozulmur, həm də ərimə anında bakteriyalar aktivləşir. Dondurma yenidən dondurduqda isə bakteriyalar ölmür. Yuxu fazasına keçir və biz onu yeyərkən daxili bədən temperaturunuzda sürətlə çoxalmağa başlayırlar.
Süd məhsullarında ən təhlükəli patogenlərdən biri olan listeria digər bakteriyalardan fərqli olaraq soyuq mühitdə belə çoxala bilir. Zavod şəraitində HACCP standartlarına əməl edilmədikdə, marketdəki soyuducunun qapısı tez-tez açıldıqda bu risk artır. Yüksək keyfiyyətli, əsl dondurmanın əsasını süd yağı təşkil edir. Bu yağ mənbəyi olaraq ən ideal xammal qaymaqdır. Amma maya dəyərini aşağı salmaq üçün bir çox istehsalçı palma, ya digər hidrogenləşdirilmiş bitki yağlarından istifadə edir. Bu yağlar dondurmanın ağızda yağlılıq, ya plastilin hissi buraxmasına səbəb olur. Həmçinin qan-damar sistemi üçün zərərlidir.
Dondurma seçən zaman paket əzilibsə, daxilindəki məhsul bir tərəfə yığılıbsa, büzüşübsə, demək bu məhsul daşınma zamanı, saxlama zamanı əriyib. Almamalıyıq. Paketin üzərində, ya da dondurmanın səthində qar kimi ağ buz dənəcikləri varsa, demək temperatur rejimi pozulub. Qanunvericiliyə görə inqrediyentlər miqdarı ən çox olandan az olana doğru düzülür. İlk sırada süd, ya qaymaq olmalıdır. Su, bitki yağı yox. E407 Karragenan, E412 Quar saqqızı kimi təbii stabilizatorlar normal sayılır. Amma tərkibdə həddindən artıq süni rəngləndirici, aromatizator olan məhsullardan uzaq dursaq yaxşı olar. qaçın.
Marketdə alış-veriş zaman dondurmanı ən sona saxlamalıyıq. Evə çatana kimi zaman az olsun.
Dondurmanı soyuducunun daxili, ən soyuq hissəsində saxlamalıyıq. Dondurmalar çox vaxt qoz-fındıq, vafli hissəsində qlüten və soya lesitini ehtiva edir. Hətta meyvəli dondurmalarda da çarpaz çirklənmə nəticəsində qoz izləri ola bilər.
Süd yağları zaman keçdikcə oksidləşir. Əgər dondurmanın dadında acılıq, metal tamı hiss ediriksə, yeməməliyik”.