“Skolioz diaqnozu qoyulan hər uşağa avtomatik olaraq üzgüçülük tövsiyə etmək düzgün yanaşma deyil. Uzun illərdir valideynlər arasında “skolioz varsa, mütləq üzgüçülük lazımdır” fikri formalaşıb. Halbuki skolioz hər uşaqda fərqli şəkildə özünü göstərir və yanaşma da fərdi olmalıdır.
Üzgüçülük ümumi fiziki aktivlik baxımından faydalı idman növüdür. Əzələlərin işləməsinə, hərəkətliliyin artmasına və uşağın aktiv qalmasına kömək edə bilər. Lakin bu, üzgüçülüyün hər skoliozlu uşaq üçün əsas və ya kifayət edən müalicə olduğu anlamına gəlmir”.
Bu sözləri SİA-ya açıqlamasında fizioterapevt Əziz Dərvişov deyib.

O bildirib ki, skolioz zamanı vacib olan məqam onurğadakı əyriliyin dərəcəsi, tipi, rotasiya səviyyəsi, uşağın yaşı, postur vəziyyəti və əzələ balansının düzgün qiymətləndirilməsidir:
”Bəzi hallarda yalnız üzgüçülük kifayət etmir və əsas ehtiyac xüsusi fizioterapiya proqramı, korrektiv məşqlər və postural reabilitasiya olur.
Müasir yanaşmada məqsəd sadəcə uşağı idmana yönləndirmək deyil, onurğanı dəstəkləyən əzələləri düzgün aktivləşdirmək, bədən balansını qorumaq və deformasiyanın irəliləmə riskini azaltmaqdır. Buna görə də skoliozlu uşaqlarda idman və müalicə seçimi fərdi şəkildə, mütəxəssis qiymətləndirməsi əsasında aparılmalıdır.
Unutmaq olmaz ki, hər skolioz fərqlidir və hər uşaq üçün eyni yanaşma doğru nəticə vermir”.
Ayşən Vəli