“Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişikliklər qəbul edilib

12 May 2026 13:21 (UTC+04:00)

Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul olunub.

SİA xəbər verir ki, sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq hazırlanıb.

Dəyişikliklərə əsasən, qanunda yeni anlayışlar — “ağac” və “kol” anlayışları dəqiqləşdirilərək hüquqi mətnə əlavə edilib.

Yeni redaksiyaya görə, ağac və kol bitkilərinin bioloji xüsusiyyətləri ayrıca müəyyənləşdirilib və onların hüquqi statusu dəqiqləşdirilib.

Qanunda həmçinin yaşıllıqların kəsilməsi ilə bağlı yeni hallar və prosedurlar müəyyən edilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən yaşıllıqların kənd təsərrüfatı fəaliyyətinə mane olduğu hallarda onların kəsilməsinə icazə verilir.

Bu hallarda “məlumatlandırma icraatı” tətbiq ediləcək və aidiyyəti orqana əvvəlcədən məlumat verilməsi tələb olunacaq. Müəyyən edilmiş müddət ərzində etiraz edilmədikdə, kəsilmə həyata keçirilə biləcək.

Eyni zamanda ərizəçilər tərəfindən təqdim ediləcək məlumat və sənədlərin siyahısı genişləndirilib, o cümlədən kəsiləcək bitkilərin sayı, növü, yerləşdiyi ərazi və hüquqi əsaslar barədə məlumatların təqdim edilməsi məcburi edilib.

Qanunda yalan və ya təhrif olunmuş məlumat verilməsinə də qadağa qoyulub.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.