Quba rayonunda bəzi kəndlərin adları dəyişdirilib

12 May 2026 12:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi Milli Məclisdə qəbul edilib.

SİA xəbər verir ki, sənəd Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq hazırlanıb.

Qanuna əsasən, Quba rayonunun aşağıdakı kənd inzibati ərazi vahidlərinin adları dəyişdirilib:

Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi bundan sonra Elbir kəndi adlandırılacaq, müvafiq olaraq kənd inzibati ərazi dairəsi də Elbir kənd inzibati ərazi dairəsi kimi fəaliyyət göstərəcək.

Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi isə Bəhrəli kəndi adlandırılıb. Eyni zamanda Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi kimi müəyyən edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.