“Azərbaycan polisi ölkədə sabitliyin və təhlükəsizliyin qarantıdır. Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti hər zaman yüksək qiymətləndirilib və onların dövlətçiliyin möhkəmləndirilməsində rolu xüsusi vurğulanıb”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisinin rolu xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, 2025-ci ildə insan alverinə qarşı mübarizədə mühüm nəticələr əldə olunub, xüsusilə maarifləndirmə, təlim və rəqəmsal kampaniyaların genişləndirilməsi diqqət çəkib.
Vüqar Bayramov bildirib ki, bu fəaliyyətlər daha çox vətəndaşın maarifləndirilməsinə və proseslərə cəlb olunmasına imkan yaradıb.
Deputat vurğulayıb ki, insan alveri cinayətlərinin sayında azalma müşahidə olunur və bu, görülən tədbirlərin effektivliyini göstərir.
O əlavə edib ki, məcburi əməyin qarşısının alınması və qeyri-leqal məşğulluğun azaldılması istiqamətində də mühüm addımlar atılır.
Vüqar Bayramov qeyd edib ki, hazırda 1 milyon 784 min vətəndaş əmək müqaviləsi ilə çalışır və son bir ildə özəl sektorda rəsmi məşğulluq 33 min nəfər artıb.
Deputat bildirib ki, insan alveri cinayətlərinin 97 faizinin açılması bu sahədə peşəkar fəaliyyətin göstəricisidir və Milli Fəaliyyət Planı çərçivəsində koordinasiyanın gücləndirilməsi vacibdir.