Sosial müdafiə və dövlət sosial xidmətləri sahəsində həyata keçirilən tədbirlər çərçivəsində həssas əhali qruplarının dəstəklənməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub.
SİA xəbər verir ki, bu sözləri daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə İnsan alverinə qarşı mübarizəyə dair illik məlumatı təqdim edərkən deyib.
O bildirib ki, hesabat dövründə təxminən 1300 nəfər sosial risk qrupuna daxil edilərək müvafiq dəstək mexanizmlərinə cəlb olunub.
Seyfulla Əzimov qeyd edib ki, ölkə üzrə 1000-dən artıq ümumi təhsil müəssisəsində maarifləndirici və sosial yönümlü tədbirlər həyata keçirilib.
Onun sözlərinə görə, sosial xidmət müəssisələri vasitəsilə on minlərlə vətəndaşa müxtəlif xidmətlər göstərilib, aztəminatlı ailələrə isə maddi və sosial dəstək proqramları çərçivəsində yardım təmin olunub.
O əlavə edib ki, uşaqların sosial müdafiəsi sahəsində risk qrupuna daxil olan şəxslərin müəyyənləşdirilməsi və onların həyat şəraitinin qiymətləndirilməsi istiqamətində işlər aparılır.
Seyfulla Əzimov vurğulayıb ki, doğum qeydiyyatı və sənədləşmə proseslərinin təkmilləşdirilməsi nəticəsində bir sıra uşaqların hüquqi statusu rəsmiləşdirilib və onlara müvafiq sənədlər təqdim olunub.
O qeyd edib ki, sosial işçilərin iştirakı ilə maarifləndirmə proqramları, təlimlər və sosial inteqrasiya layihələri həyata keçirilir və bu, sosial xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.