Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb

12 May 2026 11:47 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı davam etdirmək üçün Macarıstana yollanıb.

Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Milli mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Daha sonra Faiq Qarayevin rəhbərlik etdiyi komanda hazırlığı Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.

Hazırlıq proqramında milli komandanın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.