"Bakı ilə Bratislava arasında strateji tərəfdaşlıq genişlənir" - POLİTOLOQ

12 May 2026 10:51 (UTC+04:00)

"Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə siyasi dialoq, enerji əməkdaşlığı və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edən tərəfdaşlıq modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycan haqqında söylədiyi müsbət fikirlərə sosial şəbəkədə cavab paylaşması da iki ölkə arasında formalaşan siyasi yaxınlığın və diplomatik etimadın göstəricisi hesab oluna bilər".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində liderlərin sosial media üzərindən bir-birinə açıq dəstək verməsi və ya müsbət mesajlar paylaşması artıq sadəcə diplomatik nəzakət deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Robert Fitsonun Azərbaycan barədə müsbət fikirlər səsləndirməsi, ilk növbədə, Slovakiyanın Azərbaycanla münasibətlərə strateji prizmadan yanaşdığını göstərir.

Slovakiya Avropa İttifaqının üzvü olsa da, bir sıra məsələlərdə daha praqmatik və milli maraqlara əsaslanan siyasət yürütməyə çalışır. Bu baxımdan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun Slovakiya tərəfindən yüksək qiymətləndirilməsi təsadüfi deyil.

Azərbaycan hazırda Avropanın enerji xəritəsində mühüm aktorlardan birinə çevrilib. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı artıb və bu fonda Azərbaycan qazı mühüm əhəmiyyət qazanıb.

Slovakiya da enerji təhlükəsizliyinin təmin olunması baxımından Azərbaycanla əməkdaşlığı vacib hesab edən ölkələrdən biridir. Bu münasibətlər yalnız iqtisadi deyil, həm də siyasi əməkdaşlıq üçün zəmin yaradır. Çünki enerji diplomatiyası müasir dövrdə dövlətlərarası münasibətlərin əsas alətlərindən biri hesab olunur.

Digər mühüm məqam isə Slovakiyanın Azərbaycanın Avropa strukturları ilə münasibətlərinə yanaşmasıdır. Son dövrlərdə Azərbaycanla bəzi Avropa institutları arasında müəyyən fikir ayrılıqları müşahidə olunur. Belə şəraitdə Slovakiya kimi Avropa İttifaqına üzv olan ölkələrin balanslı və obyektiv mövqe nümayiş etdirməsi Bakı üçün siyasi baxımdan önəmlidir.

Robert Fitsonun açıqlamalarında da məhz qarşılıqlı hörmət və tərəfdaşlıq xəttinin vurğulanması diqqət çəkir. Bu isə onu göstərir ki, Slovakiya Azərbaycanı regionda mühüm tərəfdaş və sabitləşdirici aktor kimi qiymətləndirir.

Azərbaycan-Slovakiya əlaqələrinin perspektivləri də kifayət qədər genişdir. Enerji sahəsi ilə yanaşı, nəqliyyat, logistika, yaşıl enerji, sənaye və humanitar istiqamətlərdə əməkdaşlığın inkişafı üçün ciddi potensial mövcuddur.

Orta Dəhliz layihəsinin aktuallaşması fonunda Slovakiya kimi Mərkəzi Avropa ölkələrinin Azərbaycanla əlaqələrə marağı daha da artır. Bakı isə Avropa ilə münasibətlərdə qarşılıqlı fayda və bərabərhüquqlu əməkdaşlıq modelini ön plana çıxarmağa çalışır.

İlham Əliyevin Robert Fitsonun fikirlərinə verdiyi müsbət reaksiya iki ölkə arasında formalaşan siyasi dialoqun yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlər yalnız diplomatik jestlərlə məhdudlaşmır, həm də geosiyasi və iqtisadi maraqların uzlaşdığı strateji əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir".