ABŞ-da gizli UFO sənədləri açıqlanıb...

10 May 2026 18:55 (UTC+04:00)

...Pentaqon ənənəvi olaraq UFO-larla əlaqəli olan naməlum anomal hadisələr haqqında açıqlanmış materialları dərc etməyə başlayıb.

SİA-nın məlumatına görə, Focus xəbər verir ki, açıqlanan məlumatlara səmada ziqzaq şəklində fırlanan qəribə obyektlər haqqında videolar və sənədlər, NASA arxivləri, Federal Təhqiqat Bürosunun materialları, eləcə də hərbi dron operatorlarının ifadələri daxildir.

8 may tarixində Pentaqon naməlum anomal hadisələr (UAP) ilə əlaqəli açıqlanmış materialların ilk hissəsini xüsusi hökumət veb saytında yerləşdirib.

Faylların təsviri göstərir ki, materialların açıqlanması qərarı ABŞ prezidenti Donald Trampın UFO və yerdənkənar həyat məsələləri üzrə hökumətin şəffaflığını artırmaq barədə göstərişinə uyğun olaraq qəbul edilib.

Bəyanatda bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Milli Kəşfiyyat Direktoru Ofisi ilə birlikdə onilliklərdir məxfi saxlanılan tarixi sənədləri axtarmaq, təhlil etmək və açıqlamaq üçün genişmiqyaslı prosesi əlaqələndirir. Pentaqon qeyd edib ki, bu, bəziləri yalnız kağız şəklində mövcud olan on milyonlarla qeydin nəzərdən keçirilməsini əhatə edən "misli görünməmiş tarixi tapşırıq"dır.

Materialların tədricən yayımlanması planlaşdırılır, yeni arxivlər və fayllar bir neçə həftədən bir əlavə olunacağı vəd edilir.

"Judgiel-Legal Newspaper" qəzetinin qeyd etdiyi kimi, platformada artıq 162 fayl mövcuddur. Bunlara ABŞ Federal Təhqiqat Bürosunun sənədləri, Dövlət Departamentinin arxiv kabelləri və insanlı kosmik missiyalarla bağlı NASA transkriptləri daxildir. Ən çox müzakirə olunan materiallardan biri 2023-cü ilin sentyabr ayında səmada son dərəcə parlaq işığı olan "xətti obyekt"i qeydə alan hərbi dron operatorunun ifadələrini ehtiva edir.

Onun sözlərinə görə, obyekt beş-on saniyə ərzində görünüb, sonra işıq mənbəyi ilə birlikdə qəfil yoxa çıxıb. Yayımlanan bir sıra videolarda obyektlərin nizamsız hərəkət etməsi və trayektoriyasını ziqzaq şəklində dəyişdirməsi də qeydə alınıb. Məxfilikdən çıxarılan materiallar arasında 1972-ci ildə Apollo 17 missiyası zamanı çəkilmiş NASA fotoşəkili də dərc edilib. Şəkildə üçbucaq şəklində düzülmüş üç işıq nöqtəsi göstərilir. Pentaqon qeyd edib ki, mütəxəssislər hələlik bu fenomenin təbiəti ilə bağlı ortaq məxrəcə gəlməyiblər, lakin ilkin təhlillər onun "fiziki obyekt" ola biləcəyini göstərir.

ABŞ Müdafiə Nazirliyinin bəyanatında bəzi halların məlumatların yetərli olmaması və ya müşahidə olunan hadisələrin təbiətini qəti şəkildə müəyyən etmək mümkün olmaması səbəbindən həll olunmadığı vurğulanıb.

Eyni zamanda, ABŞ hakimiyyəti təhlilə ekspertləri və özəl sektor nümayəndələrini cəlb etməyə hazır olduqlarını bildiriblər.

ABŞ Müdafiə Naziri Pit Heqsetin sözlərinə görə, arxivlərin açıqlanması UNO-larla bağlı illərlə davam edən fərziyyələrə son qoymalı və Tramp administrasiyasının "misilsiz şəffaflığını" nümayiş etdirməlidir. NASA administratoru Cared İsaakman öz növbəsində Ağ Ev təşəbbüsünü dəstəkləyib.

O, X sosial media səhifəsində bildirib ki, NASA müasir elmi alətlərdən istifadə edərək anomal hadisələri öyrənməyə davam edəcək və əldə edilən bütün nəticələri açıq şəkildə paylaşacaq.

Əli Babayev