Trampın xüsusi elçilərinin Kiyevə səfəri gözlənilir

8 May 2026 15:08 (UTC+04:00)

ABŞ Prezidentinin elçiləri Stiv Vitkov və Cared Kuşnerin Kiyevə səfəri yazın sonu və ya yayın əvvəlində gözlənilir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun 8 may cümə günü verdiyi hesabatdan sonra Telegram -da elan edib.

"Danışıqlar məzmunlu idi. Biz zəruri səfərlərin cədvəli barədə razılığa gəlirik və Amerika prezidentinin nümayəndələrinin yaz və yay fəsillərinin birində Kiyevə gələcəyini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirə və diplomatiyanı gücləndirə biləcəyik", - deyə o yazıb.

Zelenskinin sözlərinə görə, Umerov ABŞ prezidentinin nümayəndələri ilə humanitar məsələləri, xüsusən də məhbus mübadiləsinin davam etdirilməsini müzakirə edib.

Prezident yekun olaraq bildirib ki, "Təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların təfərrüatlarını yekunlaşdırırıq. Konstruktiv işin olması vacibdir və biz Ukraynanı və Amerika ilə ikitərəfli münasibətləri gücləndirməklə sülhə doğru irəliləməliyik".

Dünən Umerovun Donald Trampın nümayəndələri ilə görüşmək üçün Mayamiyə üç məqsədlə gəldiyi açıqlandı .

Bu arada, Kreml bildirib ki, Kiyev qoşunlarını Donbasın nəzarət etdiyi hissəsindən çıxarana qədər ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar "məqsədəuyğun deyil" .