Baş nazir Nikol Paşinyan ATƏT/DTİHB-nin Ermənistan üzrə Müşahidə Missiyasının rəhbəri Yanez Lenarçiçi qəbul edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, görüşdə Ermənistanda keçiriləcək parlament seçkilərinin təşkili müzakirə olunub.
Baş nazir Paşinyan hökumətin azad, ədalətli və şəffaf seçkilərin təşkili və keçirilməsi üçün bütün addımları atdığını qeyd edib. O, bütün iştirakçı siyasi qüvvələr üçün bərabər şərait yaradıldığını əlavə edib.
Dövlət başçısı seçki müşahidə missiyalarının səmərəli şəkildə keçirilməsinin vacibliyini vurğulayıb və bunun üçün bütün lazımi imkanların mövcud olduğunu qeyd edib. Bundan əlavə, Baş nazir Ermənistanda seçkilərin 2018-ci ildən bəri azad, ədalətli və şəffaf olduğunu vurğulayıb və qarşıdan gələn seçkilərin də demokratik standartlara cavab verəcəyinə əminliyini bildirib.
Lenarçiçin sözlərinə görə, Ermənistan seçkilərinə maraq ATƏT-ə üzv dövlətlər arasında yüksəkdir və üzvləri ölkə daxilində paylanmaqla Ermənistana böyük bir müşahidəçi heyəti göndərilib. O, seçkilərin yüksək səviyyədə və beynəlxalq standartlara uyğun keçiriləcəyinə ümid etdiyini bildirib.